Baş Prokurorluqda məişət zorakılığına qarşı mübarizə, eləcə də uşaq hüquqlarının müdafiəsi ilə bağlı növbəti təlim keçirilib
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin mart ayının 28 və 29-da “Məişət zorakılığına qarşı mübarizə: qanunvericilik və onun tətbiqi təcrübəsi”mövzusunda əyani formada təlim keçirilib.
Təlimə prokurorluq və daxili işlər orqanlarının əməkdaşları olmaqla ümumilikdə 50 nəfər dinləyici cəlb olunmuşdur.
Tədris tədbirində Baş Prokurorluğun əməkdaşları ilə yanaşı Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kafedra rəisi Səyyad Ağayev, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova, eləcə də bu sahədə zəruri nəzəri bilikləri və tədqiqat təcrübəsi olan Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimləri Kamilə Kazımova və Emiliya İgidova təlimçi qismində iştirak etmişlər.
Təlim çərçivəsində məişət zorakılığına qarşı mübarizə sahəsində həyata keçirilən dövlət proqramları,bu əməllərə qarşı cinayət və inzibati hüquqi mübarizənin xüsusiyyətləri, gender bərabərliyi və məişət zorakılığına qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolu, bu qəbildən olan əməllərin qurbanı olmuş azyaşlılarla davranışın psixoloji aspektləri və zərərçəkmişlərin psixoloji reabilitasiyası barədə dinləyicilərə ətraflı məlumatlar verilib.
Həmçinin, təlim zamanı insan alverinə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının vəzifələri, cinayətdən zərər çəkmiş, cinayətin şahidi olmuş qadınların və uşaqların müdafiəsi, məişət zorakılığının qarşısının alınması sahəsində daxili işlər orqanlarının fəaliyyəti, insan alverinə qarşı mübarizə sahəsində aidiyyəti dövlət orqanlarının vəzifələri və digər aktual mövzular tədris olunub.
Tədbirin gedişində iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.