Dövlət qulluğunda qanunvericiliyin tətbiqi və korrupsiyaya qarşı mübarizə növbəti təlimin obyekti olub
2024-cü ilin mart ayının 5-də Baş Prokurorluğun Kadrlar idarəsinin və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan, dövlət qulluğunda çalışan işçilər üçün “Dövlət qulluğunda qanunvericiliyin tətbiqi və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilmişdir.
Təlim Baş Prokurorluqda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları, dövlət qulluğunda etik dəyərlər, habelə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qulluqçularının vəzifə və öhdəlikləri ilə bağlı müvafiq maarifləndirmə işi aparmaq məqsədilə təşkil edilmişdir.
Təlim qarışıq formatda keçirilib. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda işləyən əməkdaşlar üçün təlim Elm-Tədris Mərkəzində, digər ərazilərdə fəaliyyət göstərən işçilər üçün isə həmin tarixdə internet üzərindən distant formada həyata keçirilmişdir.
Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov tədbirin açılışını edərək, müasir Azərbaycan prokurorluğunda dövlət qulluqçularının rolu barədə iştirakçılara geniş məlumat verib.
Daha sonra çıxış edən Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsi” mövzusunda çıxış edərək, Ulu Öndərin müstəqil Azərbaycanın dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən və müasir milli dövlət qulluğu sisteminin formalaşması istiqamətində atdığı üzaqgörən addımlardan bəhs etmişdir. Mərkəzin baş məsləhətçisi İlkanə Qasımova “Dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi” mövzusunda çıxış edərək, qanunvericilik bazasının inkişaf tarixi, onun tətbiq dairəsi və inkişaf perspektivləri barədə danışmışdır.
Təlim çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev və Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elmir Paşazadə çıxışlarında müvafiq mövzulara toxunaraq, dinləyicilərin nəzərinə əhatəli və faydalı məlumatlar çatdırmışlar.
229 nəfərin dinləyici qismində qatıldığı bu təlim elmi, nəzəri və praktiki materiallardan, habelə beynəlxalq müsbət təcrübələrdən geniş istifadə edilməklə həyata keçirilmişdir.