Baş Prokurorluğun Elm-Tədris Mərkəzi prokurorluq və polis əməkdaşları üçün yerlərdə seminarlar təşkil edib
İbtidai istintaqın keyfiyyətinin, səmərəliyinin artırılması üçün hüquq mühafizə əməkdaşlarının peşə vərdişlərinin daim təkmilləşdirilməsi vacibdir, bu sahədə tədris tədbirlərinin keçirilməsi prioritet fəaliyyət istiqaməti hesab olunur.
Belə ki, 2024-cü ilin fevral ayının 12-dən mart ayının 6-dək Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin aidiyyəti idarələrində, Gəncə, Sumqayıt və Şirvan şəhər, eləcə də Bərdə və Yevlax rayon prokurorluqlarında seminarlar keçirilmişdir. Bakı şəhərində fəaliyyət göstərən işçilər üçün isə bu tədris tədbiri internet üzərindən “Zoom” proqramı vasitəsi ilə onlayn rejimdə baş tutmuşdur.
Qeyd olunan qurum və ərazilərdə fəaliyyət göstərən 53 prokurorluq işçisi və 119 polis əməkdaşı üçün seminarın təşkili ilə əlaqədar Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov Gəncə şəhərinə, şöbə prokurorları Rəşad Qasımov Şirvan şəhərinə, Sarıtel Əliyeva Sumqayıt şəhərinə, Ruslan Ağayev Bərdə rayonuna, Məhərrəm Əzizbəyov isə Yevlax rayonuna ezam olunmuşlar. Bakı şəhərində, eləcə də internet üzərindən keçirilən tədbirlərdə təlimçi qismində şöbənin böyük prokuroru Çingiz Əlizadə çıxış etmişdir.
Keçirilmiş seminarlarda təlimçi qismində Mərkəzin işçiləri ilə yanaşı, Baş Prokurorluğun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin və Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin aidiyyəti əməkdaşları iştirak etmişlər.
Müasir informasiya-kommunikasiya texnologiyalardan, habelə təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə keçirilmiş seminarlar çərçivəsində CPM-in 303, 318-ci maddələrinə əsasən prokurorlara qaytarılmış, həmçinin bəraət hökmləri çıxarılmış cinayət işləri üzrə sübutetmə problemləri və onların hüquqi nəticələri tədris edilmiş, bu cür işlərin ibtidai istintaqı zamanı yol verilmiş səciyyəvi nöqsanlar, eləcə də məhkəmənin hazırlıq iclasında və məhkəmə baxışı zamanı aşkar edilmiş prosessual pozuntular müzakirə obyekti olmuşdur.
Bu səbəbdən dinləyicilər tədris olunan materiallara maraq göstərmişlər, təlimçilərlə ünsiyyətdə aktiv olmuşlar.