Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarına qulluğa qəbul olunmuş və stajorluq keçən işçilər üçün hazırlıq kursu

Azərbaycan Respublikası Baş Prokurorunun 07.05.2021-ci il tarixli 09 №-li Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarına 2020-ci ildə qulluğa qəbul olunmuş və stajorluq keçən işçilər üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 2021-ci ilin may ayının 24-dən iyun ayının 4-dək distant formada və canlı vaxt rejimində hazırlıq kursu təşkil edilmişdir.

 

 

Hazırlıq kursun tədris proqramı Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”, cinayət, cinayət-prosessual, inzibati və presedent hüquqları, kriminologiya və kriminalistika, habelə prokurorluq orqanlarında tətbiq olunan informasiya kommunikasiya texnologiyaları üzrə praktiki və metodoloji bilikləri özündə əks etdirən mövzular üzrə məşğələlərdən ibarət olmuşdur. Tədbirə təlimçi qismində Elm-Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və tabe prokurorluqların işçiləri, habelə Ədliyyə və Səhiyyə nazirliklərin mütəxəssisləri cəlb edilmişlər. Ümumilikdə bu tədbirin keçirilməsinə müxtəlif formalarda prokurorluq və digər orqanların 40 nəfərdən artıq işçisi iştirak etmişdir.
Təlimlər müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə həyata keçirilmiş, dinləyicilərin və təlimçilərin bir qismi iş yerindən, təlimçilərin digər hissəsi isə Elm-Tədris Mərkəzində zəruri avadanlıqla təchiz edilmiş xüsusi otaqdan tədbirə qoşulmuşlar, tədris edilmiş əksər məşğələlərin elektron mətni və tezisləri dinləyicilərə təqdim edilmişdir.

 

 

Təlimlər uğurla başa çatdıqdan sonra 04.06.2021-ci il tarixdə kursda iştirak etmiş dinləyicilərinin hazırlıq kurs zamanı əldə etdikləri bilik və bacarıqlarının müsahibə yolu ilə qiymətləndirilməsi təşkil edilmişdir. Müsahibə – kurs çərçivəsində tədris edilmiş mövzular üzrə sualların şifahı cavablandırılması, dinləyicilərin biliklərinin məqbul və qeyri-məqbul üsulla qiymətləndirilməsi qaydasında təşkil olunmuşdur.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 13.2-ci maddəsinə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 247.4-cü bəndinə müvafiq olaraq müsahibənin göstəriciləri stajorların şəxsi işlərinə əlavə edilməsi üçün Baş Prokurorluğun Kadrlar idarəsinə göndərilmişdir.