Gömrük əməkdaşları üçün hüquqi şəxslər barəsində cinayət təqibinin aparılması xüsusiyyətləri üzrə təlim keçirilib
Prokurorluq orqanlarında hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirinin tətbiqi sahəsində formalaşmış təcrübə nəzərə alınaraq, bu sahədəki peşə biliklər digər hüquq mühafizə orqanlarına ötürülür, cinayətkarlıqla mübarizədə istifadə olunur.
Həmin tədbirlərin davamı olaraq, 2024-cü ilin yanvar ayının 26-dən 31-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən Dövlət Gömrük Komitəsinin müstəntiq və təhqiqatçıları üçün “Hüquqi şəxslər barəsində cinayət təqibinin aparılması xüsusiyyətləri” mövzusunda təlim təşkil edilib.
Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin və Elm-Tədris Mərkəzinin inzibati binalarında baş tutmuş bu tədbirdə Baş Prokurorluğun təcrübəli əməkdaşları təlimçi qismində iştirak ediblər. Dinləyici qismində isə təlimə Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin, Sumqayıt Gömrük İdarəsinin müstəntiq və təhqiqatçıları, habelə Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndəsi cəlb ediliblər.
Təlim zamanı 21 dinləyiciyə müasir texnologiyalardan istifadə etməklə, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin ibtidai araşdırma mərhələsində tətbiqi xüsusiyyətləri, qəbul edilən prosessual qərarların tərtibi qaydası, xarakterik sübutetmə metodları, tövsifi məsələləri, bu sahədə xüsusi müsadirənin spesifikası, habelə digər aktual məsələləri əhatə edən mövzular tədris olunub.
Bundan başqa, təlim çərçivəsində gömrük işçilərinə hüquqi şəxslər tərəfindən cinayət yolla əldə edilmiş əmlakın leqallaşdırılması cinayətlərinin istintaq xüsusiyyətləri, maliyyə istintaqının aparılmasının əhəmiyyəti, bu institutlarının beynəlxalq standartları, beynəlxalq məhkəmələr tərəfindən formalaşdırılmış təcrübə barədə ətraflı məlumat verilib.
Həmçinin Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyev tərəfindən “Transmilli aspekt: hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı icraat üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi xüsusiyyətləri”, eləcə də “Hüquq şəxslərə qarşı cinayət təqibinin aparılması çərçivəsində açıq mənbəli kəşfiyyat üsullarının istifadəsi (OSİNT)” mövzusunda mühazirə oxunulub.
Tədbirin sonuncu günü Dövlət Gömrük Komitəsinin əməkdaşları Mərkəzdə şöbənin böyük prokuroru olan Nigar Əskərovanın təqdimatı ilə Baş Prokurorluğun kitabxanaları, Zəfər muzeyi, kriminalistik laboratoriyası, habelə istifadə olunan proqram təminatları ilə tanış olublar.
Tədbirin yekununda Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və rəis müavini Talıb Cəfərov tərəfindən gömrük orqanlarının əməkdaşları üçün keçirilmiş tədris tədbirlər haqqında ətraflı məlumat verilib, dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub, habelə “Özəl sektorda anti-korrupsiya standartları” və “Hüquqi şəxslərin cinayət məsuliyyəti” adlı metodiki vəsaitlər ianə edilib.