Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tədris prosesində Elm-Tədris Mərkəzinin əməkdaşı təlimçi qismində iştirak edib
“İşgəncələrin və qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyası”nın tətbiqi ilə bağlı müvafiq Avropa Komitəsinin hesabatlarında yer almış tövsiyələr nəzərə alınaraq, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, inzibati icraat və cinayət təqibi zamanı Azərbaycan Respublikasının Konstitusiyası, İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələri, eləcə də digər aidiyyəti qanunlarda təsbit edilmiş insan hüquq və azadlıqlarına dair prinsip və müddəalara əməl edilməsi, Avropa Konvensiyasının tələblərinin qüsursuz icrasının təmini məqsədi ilə Baş prokuror və Daxili işlər naziri tərəfindən birgə əmr imzalanmışdır.
Birgə əmrin icrası istiqamətində 04.12.2023-cü il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Rəşad Qasımov Polis Akademiyasında əyani təhsil alan V kurs kursantları qarşısında “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan davranış və cəza növlərinə qarşı” mövzusunda mühazirə ilə çıxış etmişdir.
Mühazirə çərçivəsində dinləyicilərin diqqətinə həmin Konvensiyanın tətbiqi üzrə verilmiş tövsiyələr və onların mahiyyəti çatdırılmış, “işgəncə” anlayışının psixoloji və əxlaqi mahiyyəti açıqlanmışdır.
Maraqla qarşılanan mövzu ətrafında sonda müzakirələr aparılmış və kursantları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.