Sosial media ilə ünsiyyətin müasir tələblər üzrə qurulması tədris tədbirinin hədəfi olub
Prokurorluq əməkdaşlarının kommunikasiya sahəsində biliklərinin, ictimaiyyətlə əlaqələrinin, natiqlik bacarığının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçiləri üçün vaxtaşırı müvafiq treninqlər keçirilir, təcrübəsi yüksək olan peşəkar şəxslərin biliklərindən faydalanılır.
Bu sahədə növbəti addım kimi Baş Prokurorluğun Mətbuat xidməti ilə birgə 2023-cü ilin dekabr ayının 7-də tabe prokurorluqlarda media ilə əlaqələrə görə məsul şəxslər üçün distant formada onlayn rejimdə keçirilmiş “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlimi qiymətləndirmək olar.
Tədbir Mərkəzin rəisi Mübariz Əhmədovun, rəis müavini Talıb Cəfərovun, şöbə rəisi Nigar Qələndərlinin, şöbənin böyük prokuroru Çingiz Əli-zadənin və sektor müdiri Oqtay Mirzəyevin, habelə Mətbuat xidmətinin əməkdaşlarının iştirakı ilə ərsəyə gəlmişdir.
Təlimin daha səmərəli olması üçün bu dəfə tədbirə təlimçi qismində Baş Prokurorluğun Mətbuat xidmətinin işçiləri yanaşı, Bakı Dövlət Universitetinin peşəkar müəllimi və jurnalistika sahəsi üzrə mütəxəssis cəlb edilmişdir.
Təlimi giriş sözü ilə açan Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin böyük prokuroru Çingiz Əli-zadə tədbirin məqsədi və vəzifələri barədə dinləyicilərə məlumat vermişdir.
Təlim çərçivəsində 84 nəfərdən ibarət dinləyici auditoriyasına “Azərbaycan Prokurorluğunun media siyasəti”, “Prokurorluqda aşkarlıq və şəffaflığın təmin olunması ilə bağlı həyata keçirilən kompleks tədbirlər”, “Xidməti məlumatların kütləvi informasiya vasitələrinə çatdırılma qaydası və onun nümayiş etdirmə üslubları”, “Natiqlik qabiliyyətinin artırılması üçün nitq texnikası və vasitələri” və sair mövzularda mühazirələr tədris edilmişdir.
Təlim zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərmiş, onların sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmışdır.