Təlim çərçivəsində Elm-Tədris Mərkəzində maliyyə araşdırmasının forma və metodları müzakirə obyekti olub.
Baş Prokurorluğun və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə 2023-cü ilin 28 noyabr tarixində Elm-Tədris Mərkəzdə “Maliyyə araşdırmasının forma və metodları” mövzusunda hibrid formatda təlim keçirilib.
Tədbirdə Baş Prokurorluq və Maliyyə Monitorinqi Xidmətinin təlimçiləri tərəfindən maliyyə araşdırmasının taktikası və metodikasının əsasları, aktivlərin bərpası və digər əlaqəli sahələrdə mövcud yerli və beynəlxalq təcrübə barədə dinləyicilərin nəzərinə ətraflı təqdimatlarla çatdırılıb. Prokurorluğu bu tədbirdə təlimçi qismində Baş Prokurorluğun və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, o cümlədən Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova təmsil edib.
Tədbirin distant iştirakçıları Mərkəzin texniki imkanlarından yararlanmaqla internet üzərindən “Zoom” proqramı vasitəsi ilə onlayn rejimdə təlimə qoşulublar.
Prokurorluq və daxili işlər orqanları, habelə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının dinləyici qismində iştirak etdiyi təlim zamanı “FATF standartlarında və milli kontekstdə maliyyə araşdırması”, “Maliyyə araşdırmasının metodları”, “Maliyyə araşdırmasının planlaşdırılması”, “Maliyyə Monitorinqi Xidmətindən maliyyə məlumatlarının əldə olunması”, “Paralel maliyyə araşdırmasının xarakterik xüsusiyyətləri”, “Ölkə hüdudlarından kənara çıxarılmış aktivlərin bərpasında beynəlxalq əməkdaşlıq” və “Predikativ cinayətlər üzrə paralel maliyyə araşdırmasının aparılması” kimi aktual mövzular tədris edilib.
Qarşılıqlı müzakirələr formatında baş tutmuş bu təlimin sonunda dinləyicilər tərəfindən verilmiş çoxsaylı suallar cavablandırılıb.