İnsan ləyaqətini alçaldan rəftarın qarşısının alınması, eləcə də yetkinlik yaşına çatmayanlarla davranışın düzgün qurulması Mərkəzdə təşkil edilmiş təlimin predmeti olmuşdur.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 28 və 29 noyabr 2023-cü il tarixlərində istintaq və əməliyyat qurumlarının əməkdaşları üçün, həmçinin prokurorluğa qulluğa yeni qəbul edilmiş əməkdaşlar üçün “İşgəncələrin və qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyasının tətbiqi məsələləri və yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri” mövzusunda təlim təşkil edilmişdir.
Sözü gedən tədris tədbirinə prokurorluq və daxili işlər orqanlarında istintaq və əməliyyat sahəsində fəaliyyət göstərən ümumilikdə 56 əməkdaş dinləyici qismində cəlb edilmişlər. Tədris Mərkəzin və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müvafiq sahədə təcrübəli işçiləri, habelə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyin Voronej Institutunun nümayəndəsi tərəfindən həyata keçirilmişdir.
Mərkəzin rəisi Mübariz Əhmədovun rəhbərliyi ilə ərsəyə gələn təlimi giriş sözü ilə açan Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli tədbirin məqsədi və vəzifələri barədə məlumat vermişdir.
Təlim çərçivəsində Mərkəzin böyük prokuroru İradə Xəlilova “Azərbaycan Prokurorluğunda etik davranış qaydaları”, Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin böyük prokuroru Çingiz Əli-zadə “İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Avropa Komitəsinin tövsiyələri”, Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev “Dindirmənin etik aspektləri: müasir standartlar və çağırışlar”, həmin şöbənin böyük prokuroru Nigar Əskərova “İstintaq və məlumatların toplanması üçün effektiv müsahibə prinsipləri (Mendez prinsipləri)”, şöbənin prokuroru Məhərrəm Əzizbəyov “Avropanın polis etik qaydaları”, Mərkəzin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Sarıtel Əliyeva “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyasının tələbləri”, həmin şöbənin prokuroru Rəşad Qasımov “Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanların barəsində cinayət məsuliyyətinin xüsusiyyətləri, onların hüquqlarının qorumasının prosessual təminatları”, Polis Akademiyasının “Cinayət prosesi” kafedrasının rəisi Səyyad Ağayev və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyin Voronej Institutunun “Cinayət prosesi” kafedrasının müəllimi Ülvi Əhmədov “Yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri” mövzularında mühazirələr və təqdimatlarla çıxış etmişlər.
Təlim Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun müdiri Oqtay Mirzəyevin dəstəyi ilə interaktiv keçirildiyindən dinləyicilər tədris edilmiş mövzulara maraq göstərmiş, onları maraqlandırılan suallar təlimçilər tərəfindən ətraflı cavablandırılmışdır.