2021-ci ildə prokurorluq orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlim
Azərbaycan Respublikasının 27.04.2021-ci il tarixli 308-VIQD №-li Qanunu ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən və Baş prokurorun 15.12.2021-ci il tarixli 19 №-li Sərəncamına uyğun olaraq Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2021-ci ildə ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş 83 nəfər namizəd üçün əyani formada icbari təlim təşkil edilmişdir.
Pandemiya ilə əlaqədar karantin tədbirlərini və istehsalat təqvimini nəzərə almaqla təlim üzrə tədris tədbirləri 2021-ci ilin dekabr ayının 16-dan 2022-ci ilin yanvar ayının 12-dək Baş Prokurorluğun yeni inzibati binalar kompleksinin Konfrans zalında keçirilməsi təmin olunmuşdur.
Dinləyicilərdə ilkin peşə vərdişlərinin formalaşmasına töhfə verəcək mövzulardan ibarət olan icbari təlimin tədris proqramında nəzərdə tutulmuş bütün məşğələlər üzrə tədris və mədəni tədbirlər vaxtında və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə həyata keçirilmişdir.
Tədbirə təlimçi qismində Mərkəzin əməkdaşları ilə yanaşı, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, yuxarı və tabe prokurorluqların işçiləri, habelə Ədliyyə və Səhiyyə nazirliklərin mütəxəssisləri cəlb olunaraq, bu tədbirin keçirilməsində müxtəlif statusda 130 nəfərdən artıq şəxs iştirak etmişdir.
Dinləyicilər tədris olunan materiallara maraq göstərmişlər, təlimçilərlə ünsiyyətdə aktiv olmuşlar, əksər məşğələlərin elektron mətni onlara təqdim edilərək, təlimin yekunu üzrə müzakirə zamanı tədris edilmiş mövzulardan razı qaldıqlarını ifadə etmişlər.
13.01.2022-ci il tarixdə icbari təlim zamanı əldə edilmiş nəzəri biliklərin və peşə hazırlığının qiymətləndirilməsi həyata keçirilmiş, cavabları məqbul hesab edilmiş namizədlərə müvafiq şəhadətnamələr təqdim edilmişdir.