Hüquq mühafizə orqanlarının əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizənin əsasları” mövzusunda beynəlxalq tipli seminar təşkil olunub
Prokurorluq, vergi və gömrük orqanlarının əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi biliklərin təbliği və maarifləndirmənin həyata keçirilməsi məqsədilə 9 mart 2023-cü il tarixdə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi tərəfindən “Korrupsiyaya qarşı mübarizənin əsasları” mövzusunda seminar təşkil edilib.
Tədbir Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərlinin və sektor müdiri Oqtay Mirzəyevin təşkilatçılığı ilə internet üzərindən onlayn rejimində baş tutub.
Tədbirdə Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, İstintaq idarəsinin, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edib.
Seminarın təlimçisi Beynəlxalq Anti-Korrupsiya Akademiyasının mühazirəçisi, ABŞ-ın Yel Universitetinin hüquq üzrə fəlsəfə doktoru, professor Maykl Conston ABŞ-ın Harvard və Kolgeyt universitetlərində, Böyük Britaniyanın Qlazqou, Durham və York universitetlərində korrupsiyaya qarşı mübarizə mövzusunda mühazirələrlə çıxış edib. O, həmçinin Beynəlxalq Anti-Korrupsiya Akademiyasının magistr proqramında təhsil almış bütün azərbaycanlı tələbələrə mühazirələr deyib.
Həmçinin professor Maykl Conston Kembric Universiteti tərəfindən nəşr edilən “Korrupsiyanın sindromları” və “Korrupsiya, mübahisələr və islahatlar: dərin demokratikləşmənin gücü” kitablarının müəllifidir.