Elm-Tədris Mərkəzində “Etik davranış qaydalarının tətbiqi əsasları və xüsusiyyətləri” mövzusunda silsilə təlimlərinin keçirilməsinə start verilmişdir
Hər bir dövlət qurumu kimi prokurorluq orqanlarında etik davranış qaydalarına riayət olunmasına xüsusi diqqət yetirilir, cəmiyyətdəki münasibətlərin inkişafı bu sahəni tənzimləyən daxili aktların daim yenilənməsini vacib edir.
Bu mənada Baş Prokurorluğun Kollegiyasının 27.12.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Baş prokurorun müvafiq əmri ilə icraya yönəldilmiş “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi” xüsusi əhəmiyyət kəsb edir.
Bu sahədə ən vacib beynəlxalq sənədlərin, eləcə də xarici ölkələrin sahəvi peşəkar etik davranış qaydalarının təhlil edilməsi ilə hazırlanmış bu Kodeks prokurorluq işçisinin ictimaiyyət arasında müasir tələblərə uyğun şəkildə davranışını ehtiva etməklə, prokurorluqda qulluq keçmənin nüfuzunun daha da artırılması, vətəndaşların prokurorluğa etimadının yüksəldilməsi, prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiya hallarının və maraqlar toqquşmasının qarşısının alınmasına mühüm töhvə verir.
Nümunəvi prokurorluq işçisinin peşəkar davranışının zəruri elementi kimi etik davranış qaydalarının hər zaman aktuallığını nəzərə alaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Etik davranış qaydalarının tətbiqi əsasları və xüsusiyyətləri” mövzusu üzrə treninqlərin keçirilməsinə start verilmişdir.
Treninq çərçivəsində Kodeksin tələbləri ilə yanaşı dinləyicilərə milli qanunvericilik kontekstində etik davranış qaydaları, bu qaydalar üzrə beynəlxalq norma və tələblər, eləcə də sosial şəbəkələrdən istifadə zamanı etik davranışın xüsusiyyətləri tədris edilir və təcrübədə yol verilən nöqsanlar onların diqqətinə çatdırılır.
Müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə, treninq üzrə tədris tədbirləri Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda yerləşən tabe prokurorluqlarda qulluq keçən işçilər üçün Elm-Tədris Mərkəzinin mühazirə auditoriyasında, yuxarı prokurorluqlarda və digər ərazilərdə fəaliyyət göstərən işçilər üçün isə internet üzərindən distant formada onlayn rejimdə həyata keçirilir.
Cari ilin fevral ayının 3-ü və 10-u təşkil edilmiş treninqlərdə artıq 442 prokurorluq işçisi iştirak etmişdir. Növbəti treninqlərin cari ilin mart ayında keçirilməsi planlaşdırılır.