Elm-Tədris Mərkəzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tədris tədbirləri davam etməkdədir
Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edir.
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.
Azərbaycan Respublikası Baş prokuroru cənab Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş əməliyyat müşavirəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə təcrübədə yol verilən nöqsan və pozuntuların qarşısının alınması məqsədilə təlimlərin davam etdirilməsi qərara alınmışdır. Baş prokurorun 02.12.2022-ci il tarixli 14 №-li Sərəncamına əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən daxili işlər orqanlarının əməkdaşları üçün “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin tövsifinin, habelə bu qəbildən olan işlərin istintaqının maddi əsasları və prosessual qaydaları” mövzusunda təlim təşkil edilmişdir. Təlim üzrə tədris tədbirləri carı ilin dekabr ayının 6-dan 8-dək dinləyiciləri iş yerindən ayırmadan, distant formada “Zoom” proqramı vasitəsi ilə və canlı vaxt rejimində həyata keçirilmişdir.
Təlimə 19 inzibati ərazi vahidində ibtidai istintaq sahəsində xidmət edən polis orqanlarının 13 bölmə (şöbə) rəisi, 8 baş müstəntiqi və 38 müstəntiqi dinləyici qismində cəlb olunmuşdur. Tədbirdə təlimçi qismində isə Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, şöbə rəisi Nigar Qələndərli, şöbənin böyük prokurorları Nigar Əskərova və Çingiz Əli-zadə, şöbə prokuroru Ruslan Ağayev, eləcə də Dövlət ittihamının müdafiəsinin prokuroru Namiq Əliyev, DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük-prokuror metodisti Rafael Süleymanov, prokuroru Hüseyn Hüseynov və İlqar Hüseynov, habelə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Rövşən Maqsudov iştirak etmişlər. Tədris zamanı Elm-Tədris Mərkəzinin sektor müdiri Oqtay Mirzəyev və şöbənin baş məsləhətçisi Rafiq Quliyev qrup rəhbəri texniki dəstək köməkliyi göstərmişdirlər.
Təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə, təlim çərçivəsində dinləyicilərə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı milli mübarizə strategiyası, bu sahədə olan problemlərin mahiyyəti və aktuallığı, xarici ölkələrin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə təcrübəsi, bu növ cinayətlərin tövsifi məsələləri və istintaq metodikası tədris edilmişdir.