Baş Prokurorluq tərəfindən daxili işlər, gömrük və sərhəd xidməti orqanlarının əməkdaşları üçün narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar təşkil edilmiş təlim uğurla başa çatmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlərin icrası nəticəsində ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmişdir.
Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli lider Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.
Cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətlərində olduğu kimi narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ardıcıl və məqsədyönlü addımlar atılmaqdadır. Bunun üçün ölkədə müvafiq təsisatlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, hüquq mühafizə orqanları əməkdaşlarının peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən təşkil edilən “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri və aktual problemləri” mövzusu üzrə təlim keçirilmişdir.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun müvafiq struktur qurumlarının təcrübəli nümayəndələri, habelə Daxili İşlər Nazirliyinin göstərilən sahədə peşəkar əməkdaşları cəlb edilmişlər.
Son dövrlər daxili işlər, gömrük və sərhəd orqanları tərəfindən müasir informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilir, müxtəlif marşrutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktuallığı və praktiki əhəmiyyəti nəzərə alınaraq, səmərəli əməkdaşlıq çərçivəsində Elm-Tədris Mərkəzi tərəfindən təşkil edilmiş təlimdə dinləyici qismində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələrinin, habelə tabe polis idarələrinin narkotiklərlə mübarizə bölmələrinin 20 əməliyyat müvəkkili iştirak etmişdir.
Eyni zamanda tədbirdə dinləyici qismində Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən 1 şöbə rəisi və 9 əməliyyat müvəkkili, eləcə də Dövlət Sərhəd Xidmətinin müxtəlif qurumlarında xidmət edən 2 məntəqə rəisinin müavini və 8 əməliyyat müvəkkili qoşulmuşlar.
Təlim üzrə tədris tədbirləri carı ilin oktyabr ayının 18-dən 20-dək dinləyiciləri iş yerindən ayırmadan, distant formada və canlı vaxt rejimində həyata keçirilmişdir. Təlimlərdə təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə olunmuşdur.
Kurs çərçivəsində dinləyicilərə “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı milli mübarizə strategiyası, bu sahədə olan problemlərin mahiyyəti və aktuallığı”, “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində Avropa Məhkəməsinin presedent hüququ”, “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərin növləri, sənədləşdirilməsi və toplanmış materialların sübut kimi istifadə qaydası”, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsi üzrə əməliyyat-axtarış fəaliyyəti gedişində əldə edilmiş dəlillərdən sübut kimi istifadə etmənin mümkünlüyü meyarları”, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının ölkəyə qanunsuz daxil olmasına və tranzitinə qarşı mübarizə problemləri və onların həlli yolları”, “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə yol verilən tipik qanun pozuntuları, bu qəbildən olan cinayət işləri üzrə istintaq hərəkətlərin və əməliyyat-axtarış tədbirlərinin aktual problemləri”, “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müxtəlif əməliyyat-axtarış tədbirlərin həyata keçirilmə taktikası”, “Narkotik vasitələrlə əlaqəli cinayət işləri üzrə aparılan təhqiqatın həyata keçirilmə metodikası” və sair mövzular üzrə PowerPoint proqramı vasitəsilə hazırlanmış təqdimatların müşayiəti ilə məşğələlər tədris edilmişdir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində təlim-tədris tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.