“Vergi cinayətləri üzrə sübutların toplanmasının aktual problemləri, istintaq hərəkətlərinin tətbiqi metodikası” mövzusunda birgə təlim
Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə birgə Xidmətin əməkdaşları üçün carı ilin mart ayının 14-dən 18-dək distant formada canlı vaxt rejimində “Vergi cinayətləri üzrə sübutların toplanmasının aktual problemləri, istintaq hərəkətlərinin tətbiqi metodikası” mövzusunda birgə təlim keçirilmişdir.
Təlimçi qismində tədbirə Mərkəzin işçiləri ilə yanaşı, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının, habelə Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin və tabe prokurorluqlarının əməkdaşları cəlb edilmişlər.
Təlimdə təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə, Tədris proqramında nəzərdə tutulmuş mövzular üzrə 15 məşğələ vaxtında və səmərəli keçirilmiş, tədris edilmiş məşğələlərin əksəriyyətinin elektron mətni dinləyicilərə təqdim edilmişdir.
Dinləyicilərin sayı 10 nəfər olmaqla, təlimdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqləri və Əməliyyat idarəsinin rəhbər işçiləri dinləyici qismində iştirak etmişlər.
Bundan əlavə, “Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair” imzalanmış Memoranduma əsasən təcrübə mübadiləsi məqsədilə təlimə həmçinin Akademiyanın Hüquq kafedrasının müəllim heyətinin 14 üzvü müşahidəçi qismində qatılmışlar.
Təlimin yekunu üzrə müzakirə zamanı dinləyicilər əldə etdikləri bilik və bacarıqlardan, müşahidəçilər isə tədrisin təşkilindən, seçilmiş mövzulardan və onların tədrisindən razı qaldıqlarını ifadə etmişlər.
Baş Prokurorluqla tərəfdaş dövlət orqanları və ali təhsil müəssisələri ilə birgə bu qəbildən olan tədbirlərin keçirilməsi vahid istintaq təcrübəsinin formalaşmasına, tədris sahəsində fəaliyyətin səmərəliyinin daha da artırılmasına öz töhfəsini verəcəkdir.