“Prokurorluqda vətəndaşların qəbulu zamanı peşəkar davranışın mənəvi və psixoloji aspektləri üzrə” seminar

Azərbaycan Respublikası Baş prokurorunun 15.03.2022-ci il tarixli 03 №-li Sərəncamına əsasən, habelə Baş Prokurorluğun Geniş Kollegiya iclasının 24.01.2022-ci il tarixli qərarının icrası məqsədilə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin, eləcə də müvafiq sahə üzrə yuxarı prokurorluqların işçiləri üçün carı ilin mart ayının 29-dan 31-dək qarışıq (əyani və distant) formada “Prokurorluqda vətəndaşların qəbulu zamanı peşəkar davranışın mənəvi və psixoloji aspektləri” mövzusunda seminar keçirilmişdir.
Təlimçi qismində tədbirə Baş Prokurorluğun işçiləri ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin və Ombudsman Aparatının nümayəndələri, Səhiyyə Nazirliyinin və Bakı Dövlət Universitetinin psixologiya sahəsində alimləri, eləcə də xüsusi riskli vəziyyətlərdə vətəndaşlarla ünsiyyət bağlamaq təcrübəsi olan Fövqəladə Hallar Nazirliyinin psixoloqları cəlb edilmişlər.
Seminar çərçivəsində dinləyicilərə vətəndaşların qəbulu zamanı etik dəyərlər və davranış standartları, xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri, bu zaman yaranan riskli hadisələr üzrə dövlət qulluqçusunun hərəkətləri, o cümlədən intihar meyli davranışın qarşısının alınması üzrə biliklər tədris edilmişdir.
Seminar üzrə tədris tədbirləri Bakı şəhərində qulluq keçən işçilər üçün Elm-Tədris Mərkəzinin inzibati binasında, Naxçıvan Muxtar Respublikasında qulluq keçən işçilər üçün isə distant formada həyata keçirilmiş, tədbir zamanı müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilmiş, tədris proqramında nəzərdə tutulmuş mövzular üzrə məşğələlər vaxtında və səmərəli tədris edilmiş, təcrübədə istifadə etmək məqsədilə maraq doğuran məşğələlərin elektron mətni dinləyicilərə təqdim edilmişdir.
“Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair” imzalanmış Memoranduma əsasən təcrübə mübadiləsi məqsədilə Akademiyanın Hüquq kafedrasının müəllim heyətinin üzvləri də bu seminarda müşahidəçi qismində iştirak etmişlər.
Seminarın yekunu üzrə müzakirə zamanı dinləyicilər əldə etdikləri bilik və bacarıqlardan, müşahidəçilər isə tədrisin təşkilindən, seçilmiş mövzulardan və onların tədrisindən razı qaldıqlarını ifadə etmişlər.