Prokurorluq orqanları fəaliyyətinin rəqəmsallaşdırılması davam edir

Prokurorluq orqanları fəaliyyətinin rəqəmsallaşdırılması çərçivəsində Elektron Prokurorluq İnformasiya Sistemində yeni yaradılmış “Depozit” modulu istifadəyə verilib.
Modul Baş Prokurorluğun depozit hesabına yerləşdirilmiş pul vəsaitlərinin vahid sistem üzərindən uçotunun aparılmasına, monitorinqinə və analitik təhlilinə imkan yaradır.
Bununla əlaqədar, noyabr ayının 4-6-da Baş Prokurorluğun Mərkəzi Aparatının müvafiq idarələri və struktur qurumlarını əhatə edən 900 nəfərədək prokurorluq işçisi üçün “Depozit modulunun əsasları və aktivlərin xüsusi müsadirəsi məsələlərinin aspektləri” mövzusunda təlimlər keçirilib.
Təlimlər zamanı Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev tərəfindən açılış nitqində Modulun əhəmiyyəti və əsasları barədə məlumat verilib. Sonra mühazirəçilər tərəfindən iştirakçılara Modulun funksional imkanları, istifadə qaydaları nümayiş olunub, həmçinin “Aktivlərin aşkar edilməsi, izlənməsi, bərpasının xüsusiyyətləri”, “Əmlak və əmlak hüquqları üzərinə həbs qoyulmasının və xüsusi müsadirəyə təklif olunmasının əsasları”, “Cinayət işi üzrə vurulmuş maddi ziyanın ödənilməsini və ya xüsusi müsadirənin tətbiq edilməsinin xüsusiyyətləri”, “İbtidai istintaq zamanı üzərinə həbs qoyulmalı olan və xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlakların qiymətləndirilməsinin aspektləri” mövzularında çıxışlar edilib, dinləyicilərin sualları cavablandırılıb.