Daxili Qoşunların Hərbi İnstitutunda kursantlar üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən dövlət qurumları və ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və hüquqi maarifləndirmə fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.
Bu əməkdaşlıq çərçivəsində Baş Prokurorluğun müxtəlif fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmış, zəngin nəzəri bilik və praktiki təcrübəyə malik əməkdaşlarının ali təhsil müəssisələrində təşkil olunan tədris prosesinə, təlim və elmi-praktik tədbirlərə cəlb olunması təmin edilir.
Cari ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda kursantların peşə hazırlığının təkmilləşdirilməsi, hüquqi biliklərinin artırılması və gələcək xidməti fəaliyyətlərində qanunçuluq prinsiplərinə riayət olunmasının əhəmiyyətinin aşılanması məqsədilə “Hərbi kollektivdə hüquq pozuntularının profilaktikası və hüquqi mədəniyyət məsələləri” mövzusunda mühazirə keçirilib.
Mühazirədə Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov çıxış edib.
Çıxış zamanı hərbi kollektivlərdə qanunçuluğun və xidməti intizamın təmin edilməsi, hüquq pozuntularının yaranma səbəbləri və onların qarşısının alınması mexanizmləri, hərbi qulluqçuların hüquq və vəzifələri, hüquqi məsuliyyətin əsasları, eləcə də hərbi mühitdə hüquqi mədəniyyətin və məsuliyyətli davranışın formalaşdırılması məsələləri ətraflı izah olunub.
Həmçinin hüquq pozuntularının profilaktikasında qabaqlayıcı tədbirlərin, hüquqi maarifləndirmənin və hərbi qulluqçular arasında qarşılıqlı hörmətə, nizam-intizama və qanunun aliliyinə əsaslanan münasibətlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Mühazirə zamanı mövzu ilə bağlı praktiki məsələlərə toxunulub, kursantları maraqlandıran suallar cavablandırılıb.

