Baş Prokurorluğun əməkdaşları Polis Akademiyasında mühazirələrlə çıxış ediblər
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən digər dövlət qurumları və ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və gələcək hüquq mühafizə orqanları əməkdaşlarının peşə hazırlığının dəstəklənməsi istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.
Bu əməkdaşlıq çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alan kursantlar üçün Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə cinayət-prosessual qanunvericiliyin aktual məsələlərinə həsr olunmuş mühazirələr təşkil edilib.
Cari ilin 5 oktyabr tarixində Baş Prokurorluğun İstintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov “Cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə zamanı cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş müvafiq əsaslar və prosessual qaydalar, bu sahədə hüquq tətbiqi təcrübəsində meydana çıxan aktual məsələlər, eləcə də prosessual qərarların qəbul edilməsi zamanı qanunçuluğun təmin olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Oktyabrın 12-də isə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Anar Mirkişiyev “İttiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi” mövzusunda mühazirə keçib. Çıxış zamanı ibtidai istintaqın yekunlaşdırılması, ittiham aktının məzmununa və tərtibinə dair qanunvericiliyin tələbləri, cinayət işinin məhkəməyə göndərilməsi qaydası, habelə bu mərhələdə prosessual hüquqların təmin edilməsi məsələləri ətraflı izah olunub.
Mühazirələr zamanı nəzəri biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsinə xüsusi diqqət yetirilib, cinayət-prosessual qanunvericiliyin tətbiqi ilə bağlı kursantları maraqlandıran suallar cavablandırılıb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən ali təhsil müəssisələri ilə birgə həyata keçirilən bu kimi maarifləndirici tədbirlər gələcək hüquq mühafizə orqanları əməkdaşlarının peşəkar bilik və bacarıqlarının inkişafına, hüquqi dünyagörüşünün genişləndirilməsinə və hüquq mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

