Baş Prokurorluqda vəkilliyə namizədlər üçün maarifləndirici tədbir keçirilib
8 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğunda Vəkillər Kollegiyasına qəbul üzrə ixtisas imtahanını müvəffəqiyyətlə başa vurmuş 72 namizədin iştirakı ilə maarifləndirici seminar keçirilib.
Tədbirin açılışında çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli prokurorluq və vəkillik institutlarının ədalət mühakiməsinin həyata keçirilməsində, qanunun aliliyinin təmin olunmasında və insan hüquq və azadlıqlarının müdafiəsində mühüm rolunu vurğulayıb. O, hüquq peşələri arasında qarşılıqlı əməkdaşlığın, peşəkar bilik və bacarıqların davamlı inkişaf etdirilməsinin, eləcə də hüquqşünasların müasir qanunvericilik və hüquq tətbiqi təcrübəsi ilə yaxından tanış olmalarının əhəmiyyətindən danışıb.
Seminar zamanı iştirakçılara Azərbaycan Prokurorluğunun tarixi inkişaf yolu, müasir strukturu və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Cinayət təqibinin həyata keçirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərlik, dövlət ittihamının müdafiəsi, habelə insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq orqanlarının rolu diqqətə çatdırılıb.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Elm-Tədris Mərkəzinin prokuroru Lətifə Şıxəliyeva çıxış edərək şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə riayət olunması, bu sahədə hüquq pozuntularının qarşısının alınması və qanunçuluğun təmin edilməsinin aktual məsələlərinə toxunub. Məruzədə şəhərsalma fəaliyyətinin hüquqi tənzimlənməsi, tikinti prosesində təhlükəsizlik normalarına əməl olunması, qanunsuz tikinti hallarının doğura biləcəyi hüquqi nəticələr, eləcə də vətəndaşların hüquq və qanuni mənafelərinin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Sarıtel Əliyeva prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri və hüquqi maarifləndirmənin əhəmiyyəti, Tədrisə texniki dəstək sektorunun müdiri Oqtay Mirzəyev isə müasir informasiya texnologiyaları, kibercinayətkarlıq və kibertəhlükəsizlik sahəsində aktual məsələlər barədə çıxış ediblər.
Daha sonra kibercinayətkarlıq və kibertəhlükəsizlik sahəsində aktual məsələlərə dair maarifləndirici videoçarxlar nümayiş etdirilib.
Seminarın davamında namizədlər Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış müasir infrastruktur və tədris imkanları ilə tanış olublar. İştirakçılara kriminalistika laboratoriyasının fəaliyyəti, istintaq hərəkətlərinin praktiki tədrisi üçün nəzərdə tutulmuş xüsusi otaqlar, zəngin hüquqi ədəbiyyat fonduna malik kitabxana, eləcə də Vətən müharibəsinə həsr olunmuş memorial qalereya barədə məlumat verilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

