Vəkilliyə namizədlər üçün Baş Prokurorluqda maarifləndirici seminar keçirilib
Vəkillər Kollegiyasına qəbul üzrə ixtisas imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərin peşə hazırlığının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda maarifləndirici seminar keçirilib.
3 iyun 2026-cı il tarixində baş tutan seminarda vəkillik fəaliyyətinə hazırlaşan 71 namizəd iştirak edib.
Seminarı giriş sözü ilə açan Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli iştirakçıları salamlayaraq onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış zamanı prokurorluq orqanlarının hüquq sistemindəki rolu, hüquq peşələri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti, habelə vəkil və prokuror münasibətlərinin qanunun aliliyi və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi baxımından əhəmiyyəti barədə məlumat verilib.
Daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru Behruz İbrahimov çıxış edərək prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, cinayət təqibinin həyata keçirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərlik və dövlət ittihamının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat təqdim edib. Eyni zamanda, hüquqşünasların peşə fəaliyyətində etik davranış qaydalarının və peşə məsuliyyətinin əhəmiyyəti vurğulanıb.
Seminar çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin sektor müdiri Oqtay Mirzəyev tərəfindən prokurorluq orqanlarında tətbiq olunan informasiya texnologiyaları, elektron informasiya sistemləri barədə təqdimat keçirilib. Çıxış zamanı müasir texnologiyaların hüquq-mühafizə fəaliyyətində rolu, elektron sənəd dövriyyəsi və rəqəmsallaşma istiqamətində həyata keçirilən yeniliklər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Elm-Tədris Mərkəzinin baş məsləhətçisi Rafiq Quliyev isə prokurorluq orqanlarında peşə hazırlığının təşkili, əməkdaşların ixtisasartırma imkanları və Mərkəzin həyata keçirdiyi tədris layihələri barədə məlumat verib.
Seminarın sonunda iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksi ilə tanış olublar. Tanışlıq Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşı Süleyman Allahverdiyev tərəfindən aparılıb. Namizədlərə kriminalistika laboratoriyası, istintaq hərəkətlərinin aparılması üçün nəzərdə tutulmuş xüsusi tədris otaqları, hüquqi ədəbiyyat fondu ilə zəngin kitabxana, eləcə də Vətən müharibəsinə həsr olunmuş memorial qalereya barədə ətraflı məlumat təqdim olunub.
Seminar iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

