Baş Prokurorluqda yeni təyin olunmuş hakimlər üçün seminar keçirilib
Martın 19-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən vəzifəyə yeni təyin olunmuş hakimlər üçün seminar təşkil olunub.
Seminar iştirakçılarını salamlayan Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev iştirakçıları məsul vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən ardıcıl islahatlar, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də müasir çağırışlara uyğun peşəkar kadr hazırlığının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Daha sonra çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli məhkəmə və prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb, hüquq tətbiqi praktikasında vahid yanaşmanın formalaşdırılmasının vacibliyini qeyd edib.
Seminarda həmçinin Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Aparatı rəhbərinin müavini Rəşad Həsənli çıxış edərək məhkəmə sistemində həyata keçirilən islahatlar, qanunvericiliyin tətbiqi məsələləri və institusional əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Elm-Tədris Mərkəzinin sektor müdiri Oqtay Mirzəyev prokurorluq orqanlarında informasiya texnologiyalarının tətbiqi, rəqəmsal alətlərin istifadəsi və bu sahədə müasir yanaşmalar barədə iştirakçılara geniş məlumat təqdim edib.
Tədbir çərçivəsində mövzu üzrə təqdimatlar nümayiş etdirilib, iştirakçılarla interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Seminarın sonunda iştirakçılar Baş Prokurorluğun inzibati binası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

