“Prokurorluq orqanlarında normayaratma təşəbbüsü hüququnun həyata keçirilməsi” mövzusunda təlim keçirilib
16 mart 2026-cı il tarixində prokurorluq orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və normativ hüquqi akt layihələrinin hazırlanması prosesində metodoloji vahidliyin təmin edilməsi məqsədilə 29 nəfər prokurorluq işçisi üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində hibrid formada (onlayn və əyani) “Prokurorluq orqanlarında normayaratma təşəbbüsü hüququnun həyata keçirilməsi” mövzusunda təlim keçirilib.
Təlimdə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşları təlimçi qismində iştirak ediblər.
Təlim zamanı dinləyicilərə normativ hüquqi aktların ekspertizasının əsasları, normativ hüquqi aktın layihəsində tipik sui-istifadə amillərinin aşkar edilməsi və digər aktual problemlər barədə geniş məlumat verilib.
Həmçinin təlim çərçivəsində normayaratma prosesi, normativ hüquqi aktın layihələndirilməsi və normativ hüquqi akt layihəsinin razılaşdırılması mövzuları tədris edilmiş və yekunda böyük maraq göstərilmiş mövzular ətrafında müzakirələr aparılıb.

