Daxili işlər orqanlarında qanunların icrasına nəzarət sahəsində aktual məsələlərə həsr olunmuş təlim keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən prosessual qərarların hüquqi əsaslandırılmasının təkmilləşdirilməsi, nəzarət funksiyasının effektivliyinin artırılması, habelə tətbiqetmə təcrübəsində mövcud olan metodoloji boşluqların və sistemli xarakter daşıyan pozuntuların təhlili istiqamətində tədbirlər davam etdirilir.
Bu məqsədlə 06 mart 2026-cı il tarixində “Zoom” platforması vasitəsilə distant formada “Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyəti zamanı qanunların icrasına nəzarətin həyata keçirilməsində praktiki problemlər və onların aradan qaldırılması mexanizmləri” mövzusunda təlim keçirilmişdir.
Təlimdə dinləyici qismində tabe şəhər və rayon prokurorlarının müavinləri, böyük köməkçiləri və köməkçiləri iştirak etmişlər.
Tədbir çərçivəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin tətbiqi xüsusiyyətləri, dələduzluq cinayətlərinin istintaq metodikası və təcrübədə qarşıya çıxan praktiki çətinliklər, kibercinayətlərin aşkar edilməsi və istintaq metodikası, eləcə də itkin düşmüş şəxslərlə bağlı əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri üzrə təqdimatlar keçirilmişdir.
Təlim zamanı Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə prokuroru Elşən Abdullayev, sektor müdiri Oqtay Mirzəyev və şöbənin baş məsləhətçisi Rafiq Quliyev təşkilati dəstək göstərmiş, moderator qismində çıxış etmişlər. Eyni zamanda, Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin təcrübəli əməkdaşları təlimçi qismində çıxış edərək praktiki bilik və təcrübələrini bölüşmüşlər.
Təlim çərçivəsində qeyd olunan istiqamətlər üzrə mövcud problemlər geniş müzakirə olunmuş, normativ-hüquqi tələblərin vahid tətbiqinin təmin edilməsi, eləcə də praktiki fəaliyyət zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.

