“Vergi hüquqpozmaları üzrə məhkəməyədək icraat zamanı sübutların əldə olunmasının, yoxlanılmasının və rəsmiləşdirilməsinin aktual problemləri” mövzusunda təlim

 

Azərbaycan Respublikası Baş prokurorunun “Vergi hüquqpozmaları üzrə məhkəməyədək icraat zamanı sübutların əldə olunmasının, yoxlanılmasının və rəsmiləşdirilməsinin aktual problemləri” mövzusunda qısamüddətli təlimin təşkili haqqında” 11.06.2021-ci il tarixli 10 №-li Sərəncamına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçiləri üçün Elm-Tədris Mərkəzi tərəfindən 2021-ci ilin iyun ayının 21-dən 25-dək distant formada canlı vaxt rejimində təlim keçirilmişdir.
Dinləyicilərin sayı 14 nəfər olmaqla, təlimdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqləri və təhqiqatçıları, Əməliyyat idarəsinin rəhbər işçiləri və vergi müfəttişləri, eləcə də Tədris Mərkəzinin elmi işçisi dinləyici qismində iştirak etmişlər. Təlimçi qismində isə təlimə Mərkəzin işçiləri ilə yanaşı, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi, habelə Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin əməkdaşları cəlb edilmişlər.
Kurs çərçivəsində dinləyicilərə “Səyyar və kameral vergi yoxlamasının keçirilməsi qaydaları və vergi yoxlayıcıları tərəfindən bu sahədə yol verilən nöqsanlar; Aksizli malların qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həyata keçirilən operativ vergi nəzarətinin xüsusiyyətləri; Cinayət işi başlanılanadək təhqiqatçılar tərəfindən həyata keçirilməsi mümkün olan ilkin prosessual hərəkətlər; Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin işə cəlb edilməsi hallarının yoxlanılmasının və ibtidai araşdırmasının xüsusiyyətləri; Əməliyyat-axtarış fəaliyyəti zamanı yol verilən nöqsanlar və onların ibtidai araşdırma üzrə sübutetməyə təsiri; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsi üzrə əməliyyat-axtarış fəaliyyəti gedişində əldə edilmiş dəlillərdən sübut kimi istifadə etmənin mümkünlüyü meyarları; Təqsirləndirilən şəxs qismində cəlb etmə, təqsirləndirilən şəxslərin dindirilməsinın və üzləşdirmə aparılmasının metodikası; Vergidən yayınma cinayətləri üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin xüsusiyyətləri; Vergi borclarının dövlət büdcəsinə ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli olaraq icra edilməməsi faktı əsasında aparılan ibtidai araşdırmanın xüsusiyyətləri; Vergi hüquqpozmaları üzrə cinayət təqibinin və eyni faktlar üzrə vergi orqanına qarşı inzibati məhkəmə icraatlarının paralel aparılması zamanı yaranan problemlər; İbtidai araşdırma zamanı şəxslərin müdafiə hüququnun kobud pozuntusu kimi qiymətləndirilən hallar” və sair mövzular üzrə məşğələlər keçirilmişdir.
Tədbir çərçivəsində dinləyicilər Zoom proqramından istifadə qaydasını öyrənmişlər, tədris edilmiş məşğələlərin elektron mətni onlara təqdim olunmuş, təlimin yekunu üzrə müzakirə zamanı dinləyicilər əldə etdikləri bilik və bacarıqlardan razı qaldıqlarını ifadə etmişlər.