“Vahid məhkəmə təcrübəsi: hüquq normalarının tətbiqinə sabit yanaşmada dövlət ittihamının əhəmiyyəti” mövzusu üzrə kurs

Azərbaycan Respublikası Baş Prokurorluğun 2021-ci ilin ikinci yarımilliyinə dair Fəaliyyət Planının 20-ci bəndinə əsasən Elm-Tədris Mərkəzində dövlət ittihamçıları üçün “Vahid məhkəmə təcrübəsi: hüquq normalarının tətbiqinə sabit yanaşmada dövlət ittihamının əhəmiyyəti” mövzusu üzrə qısamüddətli kurs təşkil edilmişdir.

Azərbaycan Respublikası Baş prokurorunun 04.10.2021-ci il tarixli 16 №-li Sərəncamına uyğun olaraq bu tədbir dinləyiciləri iş yerindən ayırmadan, günün ikinci yarısında distant formada canlı vaxt rejimində 2021-ci ilin oktyabr ayının 11-dən 15-dək həyata keçirilmişdir. Kursda təlimçi qismində Mərkəzin və Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin işçiləri iştirak etmiş, təlimlərdə təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə olunmuş, eləcə də tədris edilmiş məşğələlərin elektron mətni dinləyicilərə təqdim edilmişdir.

Kurs çərçivəsində dinləyicilərə “Vahid məhkəmə təcrübəsi və bu təcrübənin formalaşmasında prokurorluq orqanlarının rolu”, “Müxtəlif hüquq sistemlərində vahid məhkəmə təcrübəsi və

Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi”, “Cinayət işinin baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması zamanı hazırlıq iclasının hədlərindən çıxan məsələlərə istinad olunması halları”, “Qanuni qüvvəyə minmiş bəraət hökmlərində sübutların qiymətləndirilməsinə dair qanun normalarının, elmi-nəzəri və metodiki biliklərin tətbiqi metodikası”, “Ayrı-ayrı cinayət işləri üzrə məhkəmə təcrübəsində maddi və prosessual hüquq normalarının tətbiqində fərqli yanaşmalar” və sair mövzular üzrə PowerPoint proqramı vasitəsilə hazırlanmış təqdimatların müşayiəti ilə məşğələlər keçirilmişdir.

Kursa dinləyici qismində cəlb edilmiş 17 nəfər dövlət ittihamçısı məşğələlər zamanı tədris olunan materiallara maraq göstərmiş, təlimçilərlə ünsiyyətdə aktiv olmuş, kursların yekunu üzrə müzakirələr zamanı əldə etdikləri bilik və bacarıqlardan razı qaldıqlarını bildirmişlər. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı onun təhsilə münasibəti, nəzəri və peşə hazırlığı nəzərə alındığı üçün, kurslarda dinləyici qismində iştirak etmiş prokurorluq işçiləri barədə məlumatları onların şəxsi işlərinə əlavə edilməsi məqsədilə Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 248.4-cü bəndinə uyğun olaraq Baş Prokurorluğun Kadrlar idarəsinə göndərilmişdir.