Prokurorluğun fəaliyyəti ilə bağlı olan proqram və planların icrası – 2023
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi 2023-cü il ərzində Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq müqavilələri, normativ hüquqi aktları, Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nı, Baş prokurorun əmr və tapşırıqlarını, eləcə də fəaliyyətinə aid olan digər normativ hüquqi sənədləri rəhbər tutaraq, prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmiş, müxtəlif növ tədris tədbirləri təşkil etmiş, elmi-nəzəri və praktiki təhlil və tədqiqatlar aparmış, elmi-tədqiqat sahəsində ölkədaxili və xarici tərəfdaşlarla əməkdaşlığı davam etdirmiş, mətbu nəşrlərin dövri buraxılışlarının, eləcə də metodik vəsaitlərin hazırlanmasını təmin etmiş, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi üçün müvafiq addımlar atmışdır.
Baş Prokurorluğun Fəaliyyət Planının icrası
Belə ki, 2023-cü ilin birinci yarımilinə dair Fəaliyyət Planına əsasən dövlət qulluqçuları üçün təlimlər keçirilmiş; uzun müddət bağlı qalmış cinayətlər üzrə istintaq təcrübəsinə dair metodik vəsait hazırlanmış; jurnalistlər və QHT-nın nümayəndələri üçün treninq təşkil edilmiş; azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı müstəntiqlər üçün kurs keçirilmişdir.
2023-cü ilin ikinci yarımilinə dair Fəaliyyət Planının müvafiq bəndlərinə əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların əməkdaşları üçün kurs, prokurorluq əməkdaşları üçün isə ictimaiyyətlə əlaqələr, natiqlik və digər müvafiq sahələr üzrə ixtisasartırma təlimi təşkil edilmişdir.
Elm-Tədris Mərkəzinin İş planının icrası
Digər proqram, plan və tapşırıqların icrası
Fəaliyyət və İş planları ilə yanaşı 2023-cü ərzində prokurorluğun fəaliyyəti ilə bağlı olan digər proqram və planlarda Mərkəzin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə səy göstərilmişdir.
Belə ki, Baş Prokurorluğun Kollegiya iclasının 27.12.2022-ci il tarixli, Əməliyyat müşavirəsinin 07.01.2023-cü il tarixli və Geniş Kollegiya iclasının 27.01.2023-cü il tarixli qərarlarına uyğun olaraq, prokurorluq işçiləri etik davranış qaydalarının tədrisinə cəlb edilmişlər, prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir sıra maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının xüsusi buraxılışı nəşrə hazırlanmış; Mərkəzdə elmi-praktiki konfrans və digər tədbirlər keçirilmiş; Elmi-Məsləhət Şurasının xüsusi iclasının Qəbələdə keçirilməsinə dəstək göstərilmiş; Ulu Öndərə həsr edilmiş kitabın nəşri ilə bağlı zəruri materiallar hazırlanmış; vahid tədris planı əsasında hüquq-mühafizə orqanlarının təlim-tədris mərkəzlərində elmi-praktiki seminarlar keçirilmiş; rus dilində Heydər Əliyev haqqında kitab hazırlanmış; tədris-təhsil qurumlarının formalaşmasında Ümummilli Liderin rolu ilə bağlı tədqiqat aparılmış; Mərkəzin əməkdaşları qanvermə və ağacəkmə aksiyalarına, eləcə də könüllü ianələrə qoşulmuş; şahmat turnirində və mədəni-maarifləndirici tədbirlərdə iştirak etmişlər.
BMT-nin Uşaq Hüquqları Komitəsinin 09.02.2023-cü il tarixli araşdırma nəticələrini nəzərə alaraq, prokurorluq və daxili işlər orqanlarının əməkdaşları üçün cinayət təqibi zamanı uşaq hüquqlarının müdafiəsi ilə bağlı təlim keçirilmişdir.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023 – 2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar tədris tədbirləri keçirilmiş, əmlakın leqallaşdırılması sahəsində təhlil aparılmışdır.
“Baş Prokurorluğun 2023-cü il üçün mülki müdafiə üzrə Tədbirlər Planı”na əsasən, Mərkəzin təşkilatçılığı ilə 01.03.2023-cü ildə hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin üzvlərinin iştirakı ilə tədbir təşkil edilmiş, 25.10.2023-cü ildə isə “Fövqəladə hadisələr zamanı işçilərin təxliyəsi” mövzusunda xəbərdarlıq-toplanış üzrə mülki müdafiə məşqi keçirilmişdir.
Əməliyyat müşavirəsinin 11.03.2023-cü il tarixli qərarına əsasən, prokurorluq işçiləri üçün EPİS-dən istifadə vərdişlərinin mənimsənilməsi ilə bağlı keçirilmiş təlimlərə texniki və sair dəstək göstərilmişdir. Mərkəzin əməkdaşı “Elektron Prokurorluq” informasiya sistemi (EPİS) üzrə yaradılmış İşçi qrupunun fəaliyyətində iştirak etmişdir.
“Baş Prokurorluq və Mediasiya Şurası arasında əməkdaşlıq haqqında Fəaliyyət Planı”na əsasən maarifləndirici konfrans təşkil edilmişdir.
Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planına əsasən hüquq müsabiqəsi keçirilmiş; “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının xüsusi buraxılışı nəşrə hazırlanmış; Mərkəzin əməkdaşları qanvermə və ağacəkmə aksiyalarına, könüllü ianələrə qoşulmuş, eləcə də mədəni-maarifləndirici tədbirlərdə iştirak etmişlər.
Baş prokurorun 01.09.2023-cü il tarixli Sərəncamı ilə yaradılmış İşçi qrupu çərçivəsində 2023-cü ildə prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə üçün yeni test tapşırıqların hazırlanması və bazanın yenilənməsi təmin edilmişdir.
Baş Prokurorluq və DİN-yi üzrə 14.10.2023-cü il tarixli 09-40/3-13/Ə598/2023 №-li birgə əmrə əsasən təlim təşkil edilmişdir.
Baş prokurorun 27.11.2023-cü il tarixli 09/49 №-li Sərəncamı ilə yaradılmış Ali Məhkəmə Plenumunun qərar layihəsi və digər məsələlər üzrə təkliflərin verilməsi ilə bağlı İşçi qrupun fəaliyyətinə Mərkəz öz tövhəsini vermişdir.