Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov yüksək vəzifəyə təyin edilib

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi cənab Mübariz Əhmədov Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
Bununla əlaqədar 09.09.2024-cü ildə Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun Geniş Kollegiyasının üzvlərinin iştirakı ilə iclas keçirilmişdir. Tədbir zamanı Baş prokuror dövlət başçısı cənab İlham Əliyev tərəfindən Mübariz Əhmədova göstərilən yüksək etimadla bağlı səmimi təbriklərini çatdırmış, onu prokurorluq orqanlarında uzunmüddətli qüsursuz fəaliyyətinə görə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif etmişdir.
Bundan başqa, Baş prokurorun müavini cənab Elmar Camalovun və Baş Prokurorluğun idarə rəislərinin iştirakı ilə, daha sonra isə Elm-Tədris Mərkəzinin doğma kollektivi ilə Mübariz Əhmədovun səmimi görüşü olmuş, xatirə fotosu çəkilmişdir.
Görüşlər zamanı tədbir iştirakçıları, habelə kollektiv üzvləri Mübariz Əhmədova təbriklərini çatdırmaqla, onunla bağlı xoş xatirələrindən söz açmışlar, ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Qeyd etmək lazımdır ki, zəngin bilik təcrübəsinə və yüksək intellektə malik Mübariz Əhmədov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına qulluğa qəbul olunmuş, Qazax və Sumqayıt hərbi prokurorluqlarının müstəntiqi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Baş Prokurorluğun müxtəlif idarələrində prokuror, böyük prokuror, idarə rəisinin müavini, Baş prokurorun böyük köməkçisi, Qusar rayon prokuroru vəzifələrində işləmişdir. 29.06.2020-ci ildən isə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilmişdir.
Mübariz Əhmədov prokurorluq orqanlarında çalışdığı müddət ərzində qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə həvəsləndirilmiş, o cümlədən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə, eləcə də “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)”, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları, habelə “MDB üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 25 illiyi” xatirə medalı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəxri fərmanı ilə təltif edilmişdir.