Çıxarış

Prokurorluq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 8. Prokurorluğun sistemi və təşkili
Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir:

  • Azərbaycan Respublikasının Baş Prokurorluğu;
  • Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi;
  • Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;
  • Naxçıvan Muxtar Respublikasının Prokurorluğu;
  • Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu; 
  • rayon (şəhər) prokurorluqları;
  • hərbi ixtisaslaşdırılmış prokurorluqları; 
  • tədris-elm müəssisələri, mətbuat orqanları, mətbəə, sosial-məişət, təsərrüfat təyinatlı digər qurumlar.

Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına uyğun olaraq Azərbaycan Respublikasının Prokurorluğu sistemində ərazi prokurorluqları, həmçinin rayon (şəhər) prokurorluqlarına bərabər tutulan ixtisaslaşdırılmış prokurorluqları və digər prokurorluqlar yaradıla bilər.
Prokurorluqların yaradılması, ləğv edilməsi, Baş Prokurorluğunun strukturunun və ştat vahidlərinin ümumi sayının təsdiqi məsələləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir.

Maddə 40. Prokurorluğun elmi, tədris müəssisələri və mətbuatı
Prokurorluq işçilərinin peşə ixtisaslarının artırılması üçün prokurorluqda tədris müəssisəsi yaradıla bilər.
Baş prokurorun yanında tərkibi onun tərəfindən təsdiq edilən elmi-məsləhət şurası fəaliyyət göstərə bilər.
Elmi-məsləhət şurasının Əsasnaməsi baş prokuror tərəfindən təsdiq edilir.
Prokurorluq öz fəaliyyəti məsələləri ilə əlaqədar jurnal, qəzet, külliyyat və məlumat bülleteni dərc edə bilər.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 7 dekabr 1999-cu il
№ 767-IQ