Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi
“Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.06.2020-ci il tarixli 2088 nömrəli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilmiş, daha mobil və dinamik idarəetmə məqsədilə Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılmışdır.
Aparılmış islahatlar çərçivəsində Azərbaycan Respublikası Baş prokurorunun
29.06.2020-ci il tarixli 10/70-11/29-s №-li əmri ilə Baş Prokurorluğun Elm-Tədris
Mərkəzinin ştat tərkibi 16 prokurorluq işçisi və 10 dövlət qulluqçusu olmaqla,
cəmi 26 ştat vahidi müəyyən olunmuş və yeni strukturu təsdiq edilmişdir.
Həmin əmrlə Mərkəzin tərkibində ləğv edilmiş kafedralar əsasında Strateji planlaşdırma və risklərin müəyyən edilməsi, Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili, Elmi-tədqiqat işinin təşkili şöbələri, habelə İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru yaradılmışdır. Baş Prokurorluğun Kollegiyasının 30.07.2020-ci il tarixli 2 №-li qərarı ilə təsdiq edilərək Baş prokurorun eyni tarixli 10/82 №-li əmri ilə icraya yönəldilmiş Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nda Mərkəzin üzərinə düşən vəzifə və funksiyalar təkmişlləşdirilmiş, yeni fəaliyyət istiqamətləri müəyyən edilmişdir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi fəaliyyətində ölkənin Konstitusiyasını və normativ hüquqi aktlarını, dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, milli fəaliyyət plan və proqramlarını, eləcə də Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nı, Baş prokurorun əmr və tapşırıqlarını rəhbər tutur.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirir, müxtəlif növ tədris tədbirləri təşkil edir, elmi-nəzəri və praktiki tədqiqatlar aparır, prokurorluğun fəaliyyətinin metodoloji təminatı səviyyəsini qaldırmaq üçün yüksək keyfiyyət göstəricilərinə malik metodiki ədəbiyyat nümunələri hazırlayır, bu cür nəşrlərin hazırlanmasında digər qurumlara dəstək olur, vahid təcrübənin formalaşdırılması və risk göstəricilərinin müəyyən olunmasında iştirak edir, maarifləndirmə tədbirləri həyata keçirir, elmi-tədqiqat tədbirləri təşkil edir və bu cür tədbirlərdə prokurorluğu təmsil edir, qeyd olunan sahələrdə yerli və xarici tərəfdaşlarla əməkdaşlıq edir, Elmi-Məsləhət Şurasının və müxtəlif Ad Hoc qurumların katiblik funksiyalarını həyata keçirir, “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının buraxılışına məsul qurum olaraq prokurorluğun digər mətbu nəşrlərinin hazırlanmasına köməklik göstərir, prokurorluğun kitab fondunun zənginləşdirilməsi üzrə işlər görür, prokurorluqda yeni informasiya kommunikasiya texnologiyalarının və kompüter texnikasının tətbiqi üçün müvafiq addımlar atır.