Aslanov Tural Çingiz oğlu
Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi
Aslanov Tural Çingiz oğlu 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 2005-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 2007-ci ildə isə həmin fakültənin hüquqşünaslıq ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
T.Ç.Aslanov 27 sentyabr 2008-ci il tarixdə müsabiqə yolu ilə prokurorluq orqanlarına daxil olaraq 2009-cu ilin noyabr ayının 9-na qədər Şamaxı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor, 09 noyabr 2009-cu ildən 28 iyul 2011-ci ilədək Şamaxı rayon prokurorluğunun müstəntiqi vəzifəsində çalışmışdır. 2011-ci ilin iyul ayının 28-dən 2015-ci ilin sentyabr ayının 29-na qədər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, 29 sentyabr 2015-ci ildən 10 may 2017-ci ilə qədər qeyd edilən İdarənin böyük prokuroru vəzifəsində işləmişdir.
Tural Aslanov 10 may 2017-ci il tarixdən 31 may 2020-ci il tarixədək Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, may ayının 31-dən həmin ilin iyun ayının 24-nə qədər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru, 24 iyun 2020-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsində çalışmışdır.
27 aprel 2022-ci il tarixdən Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. O, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Ali Attestasiya, Müsabiqə, İntizam, Etik Davranış, Əmək Məsələləri Komissiyalarının üzvüdür.
Tural Aslanov Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.