Nuriyev Əliməmməd Mali oğlu
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
Nuriyev Əliməmməd Mali oğlu 1 mart 1964-cü ildə Masallı rayonunun Ərkivan kəndində (indiki Ərkivan qəsəbəsi) anadan olmuşdur. Ərkivan kənd 3 saylı orta məktəbi bitirmişdir. 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsində təhsil almışdır.
1987-ci ildən tələbə hərəkatı, daha sonra xalq hərəkatında iştirak etmişdir. 1989-cu ildə Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmiş, Vəkillər Kollegiyasında işə qəbul edilmiş və 1992-ci ilədək oranın üzvü olmuşdur.
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezident Administrasiyasında sektor müdiri, daha sonra isə şöbə müdiri vəzifələrində çalışmışdır.
1993-1996-cı illərdə Ə.M.Nuriyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsində hüquq müşaviri, həmçinin 1995-2001-ci illərdə Asiya və Naxçıvan Universitetlərində hüquq ixtisası üzrə müəllim vəzifələrində çalışmışdır.
Əliməmməd Nuriyev 2000-2005-ci illərdə II çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ilin may ayından qeyri-hökumət təşkilatı - “Konstitusiya” Araşdırmalar Fondunun prezidentidir.
2006-cı il martın 2-də Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin, 2016-cı il sentyabrın 9-da Açıq Hökumət Tərəfdaşlığı Hökumət-Vətəndaş Cəmiyyəti Platformasının koordinatoru seçilmişdir. 16 aprel 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının üzvüdür. Azərbaycan Respublikası yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2016-cı il sərəncamı ilə komissiyanın üzvü təyin edilmişdir.
Ə.M.Nuriyev 2020-ci ildə Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktoru vəzifəsinə təyin olunub. 1995-ci ildən bu günə kimi onlarla qanun layihələrinin hazırlanmasında iştirak etmiş, habelə bir çox qanun layihələrinin müəllifi olmuşdur.
O, 1995-1999-cu illərdə Almaniyada rəhbər kadrların hazırlanması üzrə Akademiyada müvafiq kursu bitirmişdir. 1999-cu ildə ABŞ-da qanunvericiliyin hazırlanması kurslarının iştirakçısı olmuşdur.
1995-2000-ci illərdə “Azərbaycan Respublikası Milli Məclisinə seçkilər”, “Bələdiyyələrin statusu”, “Bələdiyyələrə seçkilər haqqında” qanun layihələrinin həmmüəlliflərindən biri olmuşdur. “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış kodeksi haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunların, “Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşması haqqında” qanun layihəsinin və bir çox başqa qanun layihələrinin hazırlanmasında işçi qrupun tərkibində fəaliyyət göstərmişdir.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin KİV haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bir sıra qanun layihələrinin (“Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya haqqında”, “İnformasiya azadlığı haqqında”, “Diffamasiya haqqında”) hazırlanmasında iştirak etmişdir.
Əliməmməd Nuriyev 2003-cü ildə “Frее Pеrsоn” təşkilatının sifarişi ilə hazırlanmış “Dövlət sirri” haqqında qanun layihəsinin, 2012-ci ildə hazırlanmış “İctimai iştirakçılıq haqqında” qanunun müəlliflərindən biridir.
Bu günə qədər yerli və beynəlxalq KİV-də yüzlərlə müsahibə və məqalələri dərc olunub. Hüquqi maarifləndirmə, korrupsiyaya qarşı mübarizə ilə bağlı bir çox məqalə və kitabların müəllifidir. Eyni zamanda, bir çox dərs vəsaitlərinin, o cümlədən “Korporativ sosial məsuliyyət” dərsliyinin və “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər”, “QHT idarəetməsi üzrə praktik vəsait” kitablarının müəlliflərindəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyul 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.