Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin dəstəyi ilə “Şahid Dindirmə Müsabiqəsi” keçirilib

Gələcək hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq 2023-cü ilin 20 oktyabr və 7 noyabr tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyinin “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) və final mərhələləri keçirilmişdir.
Müsabiqənin təlim mərhələsində Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli, böyük prokuroru Çingiz Əli-zadə və prokuroru Rauf Abdullayev iştirak etmişlər. Eyni zamanda, tədbir çərçivəsində müsabiqə iştirakçıları qarşısında Baş Prokurorluğun peşəkar əməkdaşları tərəfindən müvafiq mövzularda təlimlər keçirilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Ölkənin müxtəlif təhsil müəssisələrin hüquq fakültələrində təhsil alan tələbələrin iştirakı ilə keçirilən müsabiqənin yarımfinal mərhələsində qalib olmuş üç komanda Mərkəzdə təşkil edilmiş müsabiqənin final mərhələsində iştirak etmişlər. Müsabiqənin final mərhələsinə Baş Prokurorluğun əməkdaşları, o cümlədən Çingiz Əli-zadə hakim qismində cəlb edilmiş və müsabiqə iştirakçılarının fəaliyyəti onlar tərəfindən qiymətləndirilmişdir.
Əvvəlcədən hazırlanmış cinayət və cinayət-prosessual sahələr üzrə kazus əsasında iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla xəyali şahid arasında cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədi ilə həyata keçirilən dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan müsabiqənin sonunda qiymətləndirmə nəticəsində verilmiş yekun bala əsasən qalib komanda müəyyənləşdirilmişdir.
Tədbirin sonunda qalib komandanın üzvləri mükafatlandırılmış və onlara sertifikatlar verilmişdir.