ŞURANIN TƏRKİBİ

Səfərov Nizami Abdulla oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Səfərov Nizami Abdulla oğlu 1960-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin
Hüquq fakültəsini “Fərqlənmə diplomu” ilə bitirmişdir. 1985-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin aspiranturasını, 2005-2007-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO-Universitet) Beynəlxalq hüquq fakültəsinin doktoranturasını bitirmişdir. Hüquq elmləri doktorudur.
N.A.Səfərov 2003-cü ildən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO-Universitet), O.E.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin dəvətli məruzəçisidir. MGİMO-Universitetin “Moskva beynəlxalq hüquq jurnalı”nın redaksiya heyətinin üzvüdür.
Beynəlxalq cinayət hüququ, beynəlxalq humanitar hüquq və Avropa hüququ problemlərinə həsr edilmiş 120 elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir. 2005-ci ildən BMT-nin Cinayətkarlıq və narkotiklər üzrə Vyana ofisinin Terrorçuluğun qarşısının alınması bölməsinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının terrorçuluq üzrə xüsusi məruzəçisidir.
Nizami Səfərov Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, şöbə müdiri, Ədliyyə Nazirliyinin Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunun prorektoru, Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi, Milli Məclis Aparatında İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri vəzifələrində çalışıb.
N.A.Səfərov Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020), Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvüdür. Eyni zamanda, Məhkəmə- Hüquq Şurasının üzvüdür.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəridir.
MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları komissiyasının sədridir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı il tarixli 1531 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 22 iyun 2016-cı il tarixli 2131 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəlidir, iki övladı var.