ŞURANIN TƏRKİBİ

İsayev Vüsal İbrahim oğlu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Vüsal İbrahim oğlu İsayev 28 may 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2003-cü ildə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşması üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildə Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən elan olunan müsabiqədən müvəffəqiyyətlə keçərək prokurorluq orqanlarında qulluğa qəbul edilmiş, müstəntiq və idarə prokuroru vəzifələrində çalışmışdır.
2005-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda həmin şöbənin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiridir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının üzvü təyin edilmişdir.
2010-cu ildən Avropa Şurasının Cinayət Problemləri üzrə Avropa Komitəsində (CDPC) Azərbaycan Respublikasının nümayəndəsidir. 2018-ci ildə Avropa Şurasının Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri üzrə ekspertlər komitəsində (MONEYVAL) Azərbaycan Respublikasının müvafiq sahədə IV raund qiymətləndirilməsini uğurla başa vuran nümayəndə heyətinin rəhbəri olmuşdur.
2012–2013-cü illərdə Harvard Universitetində (ABŞ) təhsil alaraq dövlət idarəetməsi sahəsində magistr dərəcəsi (MPA) almışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Ailəlidir,  üç övladı var.