ŞURANIN TƏRKİBİ

Həsənova İlhamə Zakir qızı

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini, 20 saylı Vəkil Bürosunun rəhbəri

Həsənova İlhamə Zakir qızı 27.07.1971-ci ildə Şirvan şəhərində anadan olaraq, 1988-ci ildə Şirvan şəhəri 3 №-li tam orta məktəbi əla qiymətlərlə bitirmişdir.
1990-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1995-ci ildə həmin Universiteti bitirmişdir. 1995 – 2005-ci illərdə hüquqşünaslıq ixtisası üzrə fəaliyyət göstərərək, 2005-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Eyni zamanda, İlhamə Həsənova elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Belə ki, o Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Vəkillərin və vəkilliyə namizədlərin tədris proqramı” üzrə təlimçi kimi fəaliyyət göstərir. Dövlət Gömrük Komitəsinin Akademiyasında “Vəkilliyin əsasları” fənnini tədris edir.
Azərbaycan Respublikası Mediasiya Şurası Etika Komitəsinin sədri olmaqla, İlhamə Həsənova Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəridir və mediator-təlimçidir. İlhamə Həsənova Azərbaycanda mediasiya institutunun inkişaf etdirilməsi, mediasiya sahəsində mövcud olan problemlərin həlli yolları və onların aradan qaldırılması üsulları ilə bağlı keçirilən bir sıra tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur.
Həmçinin İlhamə Həsənova Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibində fəaliyyət göstərən “Cinayət hüququ üzrə qanunvericiliyin təkmilləşdirilməsi” işçi qrupunun rəhbəridir. Eyni zamanda, o, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində araşdırılan bir sıra məsələlər üzrə rəylərin müəllifidir.
İlhamə Həsənova hüquq elminin müxtəlif sahələrinə aid bir çox beynəlxalq və respublika əhəmiyyətli elmi konfransların iştirakçısı olmuş, o cümlədən, bir sıra konfranslarda geniş elmi məruzələrlə çıxış etmiş, müxtəlif sertifikat və təltiflərə layiq görülmüşdür.
O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətində və ölkədə vəkilliyin inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmişdir. Vəkilliyin inkişaf etdirilməsi sahəsində keçirilən respublika əhəmiyyətli, həmçinin beynəlxalq tədbirlərin və konfransların iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətində və ölkədə vəkilliyin təbliğində roluna görə Həsənova İlhamə Zakir qızı Vəkillər Kollegiyası tərəfindən çoxsaylı təltiflərə layiq görülmüşdür.
“Bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan  Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli 2380 nömrəli Sərəncamına əsasən Həsənova İlhamə Zakir qızı hüquq sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
İlhamə Həsənova Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində “Cinayət prosesində müdafiəçinin sübut toplama imkanları” mövzusu üzrə dissertant kimi qəbul olunmuş  və hal-hazırda həmin elmi iş üzrə çalışmaqdadır. Həmin mövzu üzərində işlədiyi müddətdə müntəzəm olaraq bir sıra elmi-praktik konfranslarda iştirak etmişdir, o cümlədən bir sıra elmi məqalələrin müəllifidir.
İlhamə Həsənova hüquq elminin aktual problemləri barəsində yazdığı məqalələr yüksək impakt faktoru olan indeksli jurnallarda, müxtəlif yerli və xarici nəşrlərdə çap olunmuşdur. Onun “The use of electronic evidence in court: a comparative legal analysis in the world practice” adlı elmi məqaləsi “La Revista Cuestiones Politicas” Venesuela jurnalında dərc olunmuş, “Müdafiəçinin sübut toplamaq hüququ  və bu hüququn həyata keçirilməsi imkanları” mövzusu üzrə tezisi “Book of Abstracts” nəşr edilmiş, “Participation of a defense lawyer in the collection and verification of evidence” adlı elmi məqaləsi isə “Наукови записки Львивського университету бизнесу та права” Ukraniyada nəşr olunmuşdur.
Ailəlidir, iki övladı var.