ŞURANIN TƏRKİBİ

Hüseynzadə Mehdi Tofiq oğlu

Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə polkovniki

Hüseynzadə Mehdi Tofiq oğlu 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1991-ci ildə Bakı şəhəri 99 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.
1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş və 1997-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1997-1999-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Cinayət hüququ və cinayət prosesi” ixtisaslaşması üzrə magistratura pilləsində təhsil almışdır. 1999-cu ildə  “Cəza sistemi və növlərinin nəzəri məsələləri”  mövzusunda magistr dissertasiyası işini müdafiə edərək magistr elmi dərəcəsi almışdır. Həmin dövrdə o, ayrı-ayrı hüquqi mövzularda mətbuat orqanlarında – qəzet və jurnallarda çoxsaylı məqalələrlə çıxış etmiş, bir neçə elmi jurnalda dissertasiya mövzusu ilə əlaqədar elmi məqalələri dərc olunmuşdur.
Mehdi Hüseynzadə, həmçinin 10.03.1999-cu il tarixdən 17.05.1999-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Xalq Qəzeti”ndə siyasət şöbəsinin müxbiri, 18.05.1999-cu il tarixdən 30.11.1999-cu il tarixədək isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində əməliyyat müvəkkili vəzifəsində, ədliyyə polis leytenantı rütbəsində xidmət etmişdir.
Magistr pilləsini fərqlənmə diplomu ilə bitirməklə Bakı Dövlət Universitetinin təqdimatına əsasən, Mehdi Hüseynzadə 30.11.1999-cu ildən prokurorluq orqanlarına işə qəbul olunaraq, həmin tarixdən Tərtər hərbi prokurorluğunun böyük müstəntiqi, 20.04.2001-ci ildən Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, 21.05.2003-cü ildən Sumqayıt hərbi prokurorunun böyük köməkçisi, 14.10.2014-cü ildən Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, 26.05.2006-cı ildən isə həmin idarənin mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində çalışmışdır.
O, 22.06.2010-cu ildə Tərtər hərbi prokuroru, 24.06.2013-cü ildə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, 07.07.2020-ci ildə isə Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Mehdi Hüseynzadə 17.03.2022-ci ildə Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin olunaraq, ədliyyə polkovniki rütbəsindədir.
O, prokurorluqda işlədiyi müddət ərzində əldə etdiyi nailiyyətlərə, xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşdığına və xidməti tapşırıqları peşəkarlıqla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Baş prokuroru və Respublika Hərbi prokuroru tərəfindən dəfələrlə mükafatlanmış, eləcə də Azərbaycan Respublikasının müxtəlif medalları ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.