ŞURANIN TƏRKİBİ

Eyvazov Natiq Zöhrab oğlu

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi

Eyvazov Natiq Zöhrab oğlu 21 oktyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Bakı şəhərində yerləşən 5 saylı orta məktəbdə alaraq 2001-ci ildə oranı bitirmiş, həmin ildə daxil olduğu Bakı Dövlət Universiteti Hüquq fakültəsinin bakalavr pilləsi üzrə təhsilini isə 2005-ci ildə tamamlamış, daha sonra 2006-cı ildə bir il müddətinə hərbi xidmətdə olmuş, 2009-cu ildə magistratura pilləsini bitirmişdir.
N.Z.Eyvazov 27 sentyabr 2008-ci il tarixdə müsabiqə yolu ilə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul edilərək həmin tarixdən Oğuz rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor işləmiş, prokurorun köməkçisi, böyük köməkçisi, Ucar rayon prokurorluğunun böyük müstəntiqi vəzifələrində çalışmışdır. 27 iyul 2012-ci il tarixdən isə Oğuz rayonunun prokuroru vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilmişdir. Daha sonra o, 11 iyun 2015-ci il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru, 02 iyul 2019-cu il tarixdən həmin idarənin rəis müavini, 07 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, 16 may 2020-ci il tarixdən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi vəzifələrində çalışmışdır. N.Z.Eyvazov 01 iyul 2020-ci il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi vəzifəsində işləyir. Hal-hazırda ədliyyə müşaviri xüsusi rütbəsini daşıyır.
Natiq Eyvazov prokurorluq orqanlarında işlədiyi müddətdə 2016-cı ildə Sinqapur Dövlət Qulluğu Kollecinin “Sinqapurun Antikorrupsiya Strategiyaları” adlı təlim proqramında, 2017-ci ildə Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) yay akademiyası kursunda, 2018-ci ildə Fransa  Dövlət İdarəçilik Məktəbinin (ENA) korrupsiyaya qarşı mübarizəyə dair təlimində, habelə digər xarici və yerli proqramlarda iştirak etmişdir.
Bundan başqa, o, 2015-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Cinayətkarlıq, xüsusilə onun mütəşəkkil formalarına qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclasında, 2016-cı ildə Avstriya Respublikasının paytaxtı Vyana şəhərində keçirilmiş BMT-nin Korrupsiya Əleyhinə Konvensiyanın İmplementasiyasına dair 7-ci sessiyada, sözügedən konvensiyaya üzv-dövlətlərin 5-ci ekspert görüşündə, 2019-cu ildə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Əmlakın Bərpası üzrə Asiya – Sakit Okean hövzəsi ölkələrinin Agentliklərarası Şəbəkəsi üzvlərinin Görüşündə, 2021- ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş üzv-ölkələrin korrupsiyaya qarşı mübarizə qurumlarının və ombudsmanlarının 4-cü iclasında, habelə digər xarici və yerli konfranslarda iştirak və çıxışlar etmişdir.
Natiq Eyvazovun Təşkilati və informasiya təminatı idarəsinə rəhbərlik etdiyi dövr ərzində İdarənin əməkdaşları tərəfindən “Hüquqi şəxslərin cinayət məsuliyyəti”, “Özəl sektorda antikorrupsiya standartları”, “Normayaratma fəaliyyəti” və “İnformatorların müdafiəsi” adlı metodiki vəsaitlər və 2 bülleten hazırlanaraq çap olunmuşdur. Hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir.
Dövri mətbuatda və Baş İdarənin maarifləndirmə materiallarında onun müəllifi olduğu “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi korrupsiyaya qarşı mübarizə prizmasında”, “Beynəlxalq təcrübədə əmlakın bərpası mexanizmləri” və digər bu kimi məqalələr dərc edilmişdir.
Natiq Eyvazov Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsində ölkəmizin nümayəndə heyətinin üzvüdür.
Ailəlidir, 2 övladı var.