ŞURANIN TƏRKİBİ

Əliyev Əmir İbrahim oğlu

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri

Əliyev Əmir İbrahim oğlu 04 aprel 1973-cü ildə Qərbi Zəngəzurun Nüvədi kəndində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1995-1999-cu illərdə BDU-da beynəlxalq hüquq ixtisası üzrə aspiranturada təhsil almışdır.
2003-cü ildə BDU-da “Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi, 2007-ci ildə isə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.
Ə.İ.Əliyev 1996-2006-cı illərdə BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, 2006-2009-cu illərdə BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, 2009-2013-cü illərdə BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının professoru, 2006-2011-ci illərdə BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini, 2011-ci ildən 07 oktyabr 2021-ci ilədək BDU Hüquq fakültəsinin dekanı, 2015 – hal-hazıradək – BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiridir.
Əmir Əliyev beynəlxalq hüquq, insan hüquqları, Avropa hüququ, informasiya hüququ sahəsində tədqiqatlar aparır.
Həmçinin o, BDU-nun “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı və “Azərbaycan Hüquq Jurnalı”nın baş redaktoru, Respublikada nəşr edilən “Nəqliyyat hüququ”, “Bakı Universitetinin Xəbərləri (sosial-siyasi elmlər seriyası)” və “Azərbaycan Prokuroru” (Low journal) jurnallarının redaksiya heyətinin üzvüdür. Eyni zamanda, BDU “Tələbə Hüquq Jurnalı”nın elmi məsləhətçisi, Ukraynada nəşr edilən “Науковий Вісник Дніпропетровського Державного Університету Внутрішніх справ”, “Наука i правоохоронна” və “Часопис Київського Університету права”, Rusiya Federasiyasında nəşr olunan “Северо-Кавказский юридический вестник” jurnallarının redaksiya heyətinin üzvüdür.
Ə.İ.Əliyev müdafiə edilmiş 50 hüquq üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri, 3 hüquq üzrə elmlər doktoru dissertasiya işinin elmi məsləhətçisi, 200-ə qədər əsərin, o cümlədən 50-yə yaxın xaricdə çap edilmiş əsərin, 5 dərsliyin, 4 dərs vəsaitinin, 8 monoqrafiyanın və 30-dan çox tədris proqramının müəllifidir. Əmir Əliyev Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, Azərbaycan Respublikası Təhsil nazirinin 12 dekabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, Azərbaycan Respublikası Ədliyyə Nazirinin 14 dekabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ədliyyəsinin 100 illiyi” xatirə nişanı, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 14 dekabr 2018-ci il tarixli əmri ilə “Ombudsmanın Xatirə Medalı”, Azərbaycan Respublikası Təhsil nazirinin 26 noyabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 14 avqust 2019-cu il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, 3 övladı var.