ŞURANIN TƏRKİBİ

Süleymanov Cavanşir İslam oğlu

 Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri

Süleymanov Cavanşir İslam oğlu 1950-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1974-2005-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müxtəlif istintaq hissələrində işləmişdir. 1990-cı ildən polis polkovnikidir. Əla xidmətə görə üç dərəcəli medallar, döş nişanları, SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qiymətli hədiyyələri, fəxri fərmanları, “Bilik” cəmiyyətinin medalı ilə təltif edilmişdir. O, SSRİ-də ilk olaraq Beynəlxalq Polis Rəisləri Assosiasiyasına üzv seçilib. 2013-cü ilin iyul ayından indiyə kimi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin müdiri, hüquq elmləri doktoru, professordur.
C.İ.Süleymanov Daxili İşlər Nazirliyindəki işini elmi-pedaqoji fəaliyyətlə birləşdirib: Bakı şəhəri Baş Polis İdarəsinin elmi-metodik mərkəzinin rəhbəri olub, Bakı Dövlət Universitetində, Təfəkkür və Azərbaycan Universitetlərində kriminalistika və cinayət prosesi fənlərini tədris edib. BDU-da Magistratura üzrə Dövlət İmtahan Komissiyasına sədrlik etmiş, BDU-da və AMEA Hüquq və İnsan Haqları İnstitutunda dissertasiya şuralarının üzvü olmuşdur.
1987-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında “Özəl sahibkarlıq fəaliyyəti ilə bağlı külli miqdarda dövlət əmlakının talanmasının araşdırılması metodikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1997-ci ildə isə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetində “Cinayətlərin istintaqında informasiyadan istifadənin konseptual əsasları” mövzusunda kriminalistika üzrə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı alim olmuşdur.
C.İ.Süleymanov bir sıra xarici elmi-tədqiqat və hüquq müdafiə təşkilatlarının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi-Məşvərət Şurasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 1992-ci ildə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin məsləhətçisi statusunda Beynəlxalq Hüquqi Tədqiqatlar Təşkilatının rəhbəri seçilmişdir.
“Hüquq elmləri və təhsil” jurnalının baş redaktoru və Nəşriyyatçılarla Əlaqələr üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür.
150-dən çox elmi əsərin, o cümlədən 10 tədris və metodik vəsaitin, kriminalistika, cinayət prosesi, insan hüquqları və məhkəmə icraatında süni intellekt problemləri üzrə 5 monoqrafiyanın müəllifidir. Bir sıra ölkələrdə dərslikləri nəşr edilib.
C.İ.Süleymanovun elmi rəhbərliyi altında kriminalistika və cinayət prosesi üzrə 18 namizədlik dissertasiyası müdafiə edilmiş, 3 doktorluq dissertasiyası hazırlanmışdır.
Ailəlidir, dörd övladı var.