ŞURANIN TƏRKİBİ

Kazımov Mirəli Sahib oğlu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
Tədris Mərkəzinin rəis müavini

Kazımov Mirəli Sahib oğlu  1974-cü il 1 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. 1991-ci  ildə Bakı Maliyyə - İqtisad Kollecini mühasibatlıq ixtisası, 1997-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunu (indiki UNEC) iqtisadçı ixtisası, 2001-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.
1988-1994-cü illərdə bank sistemində əməliyyatçı, 1994-2012-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin audit, hüquq və digər qurumlarının rəhbəri, 2012-2020-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi rəisinin elmi işlər üzrə müavini, 2020-ci ilin 2 iyun tarixindən isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edir. O, eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 2007-ci ildən isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti vəzifəsində çalışır.
Ölkəmizdə hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar AMEA-da yaradılmış İşçi Qrupun, habelə FD.01.103 Dissertasiya Şurasının üzvüdür. Azərbaycan Respublikası Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin rəhbəridir. Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının Prezidentidir.
2004-cü ildə 5307.01 – İqtisadi nəzəriyyə ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında vergi siyasətinin rolu” mövzusunda dissertasiya işini, 2018-ci ildə isə 5611.01 - Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ ixtisası üzrə hüquq üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün “Maliyyə - kredit sferasında olan cinayətlər ilə  mübarizənin müasir problemləri” mövzusunda doktorluq dissertasiyası işini uğurla müdafiə etmişdir. 2009-cu ildə dosent elmi adını almışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, 2010-cu ildə AMEA-nın Fəxri Fərmanı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
M.S.Kazımov 90-dan çox elmi əsərin müəllifidir və bunların müəyyən hissəsi xarici ölkələrin nüfuzlu elmi nəşrlərində çap olunmuşdur. “Kriminalistik metodika (ayrı-ayrı cinayətlərin araşdırılması metodikası)” adlı dərs vəsaitinin, “Əməliyyat-axtarış fəaliyyətinin əsasları” və “Kriminalistika” adlı dərsliklərin, “Противодействие теневой экономике и определение ее масштабов: отече- ственный и зарубежный опыт (теория и практика) (Countering the Shadow Economy and Detemining its Scale: National and Foreign Experience (the Theory and Practice)” və “Многогранность современной пандемической реальности” adlı monoqrafiyaların həmmüəlliflərindən biridir.
Heydər Əliyev Fondunun dəstəyi və Arzu xanım Əliyevanın himayəsi altında Bakı neftinin II Dünya müharibəsindəki rolu haqqında çəkilən “Hücumun hədəfi Bakıdır” adlı filmin baş məsləhətçisidir.
Ailəlidir, iki övladı var.