ŞURANIN TƏRKİBİ

Hüseynov Şahin İslam oğlu

Dövlət Gömrük Komitəsi Akademiyasının İxtisas fənləri kafedrasının baş müəllimi

Hüseynov Şahin İslam oğlu 25 iyun 1951-ci ildə Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. 1968-ci ildə Gəncə şəhərində 20 nömrəli orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş və 1973-cü ildə Universiteti kimyaçı, kimya müəllimi ixtisası üzrə bitirmişdir.
1984-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasına qəbul olunaraq oranı hüquqşünaslıq, hüquq mühafizə fəaliyyəti sahəsində idarəçiliyin təşkili ixtisasları üzrə bitirmişdir. 1975-ci ildən Rusiya Federasiyasında mühəndis, böyük mühəndis, daxili işlər orqanında cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, rəis müavini və rəis vəzifələrində çalışmışdır.
Uzun illər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Əməliyyat-axtarış fəaliyyəti kafedrasının rəisi vəzifəsində işləmişdir. Ehtiyatda olan polis polkovnikidir.
Ş.İ.Hüseynov 2016-ci ildə Dövlət Gömrük Komitəsinin Akademiyasında İxtisas fənləri kafedrasında baş müəllim vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Hüquq və humanitar fənlər kafedrasında baş müəllim vəzifəsində çalışır.
15 iyul 2019-cu ildə DGK sədrinin sərəncamı ilə ona gömrük xidməti polkovniki rütbəsi verilmişdir.
Prokurorluq orqanlarında və Vergilər Nazirliyində elmin müxtəlif istiqamətləri üzrə ixtisasartırma kurslarında əməliyyat-axtarış fəaliyyəti sahəsində silsilə mühazirələr oxumuş və məşğələlər keçirmişdir. Bundan başqa, elmi-pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə hüquq mühafizə orqanlarının əməliyyat aparatları üçün təlimlərin təşkili və keçirilməsinə rəhbərlik etmişdir.
Xidmət etdiyi dövrdə 50-dən çox dərs vəsaiti, dərslik və tədris-metodiki vəsait yazmış, 50-dən çox elmi məqaləsi ölkəmizdə və xaricdə nəşr olunmuşdur.
Onlardan hüquq mühafizə orqanlarının praktiki fəaliyyətində, həmçinin ali məktəblərdə tədris prosesində istifadə edilir.
Ş.İ.Hüseynov elmi-pedaqoji və praktiki fəaliyyətlə məşğul olduğu dövrdə ölkəmizdə və xaricdə (ABŞ, Türkiyə, Rusiya Federasiyası, Almaniya, Polşa və s.) elmi-praktiki konfrans və treninqlərdə iştirak etmişdir. SSRİ və Azərbaycan DİN-in, DGK-nın rəhbərliyi tərəfindən fəxri fərmanlar və digər mükafatlarla təltif olunmuşdur.
Daxili işlər orqanlarında qüsursuz xidmətlərinə görə o, I,II,III dərəcəli medallarla, “Milis əlaçısı” döş nişanı ilə təltif edilmiş, o cümlədən Daxili İşlər Nazirinin əmri ilə “Usta” dərəcəsinə layiq görülmüşdür.
1988-1989-cu illərdə Qarabağda erməni təcavüzünə, erməni separatçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır.
Hüquq mühafizə orqanlarında 40 illik xidməti və 50 il ümumi əmək stajı nəzərə alınaraq əmək veteranı adına layiq görülüb.
Ailəlidir, beş övladı var.