ŞURANIN TƏRKİBİ

Nəsirov Elşad Haqverdi oğlu

DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin 1-ci müavini

Nəsirov Elşad Haqverdi oğlu 1 iyul 1971-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq ixtisası üzrə hazırlıq şöbəsinə, 1990-cı ildə isə Hüquq fakültəsinə daxil olmuş və 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim, baş müəllim vəzifələrində işləmişdir. 2005-2011-ci illərdə Hüquq fakültəsinin dekan müavini olmuş, tədris prosesinin təşkilində yaxından iştirak etmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” Döş nişanı ilə təltif olunmuşdur.
E.H.Nəsirov 60-a yaxın elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, monoqrafiya, məqalə, tezis, konfrans materialı, tədris metodiki vəsait və proqramların, habelə seçki hüququ və seçki sisteminin tədqiqinə həsr olunmuş 20 elmi məqalə və konfrans materialının, bir çox kütləvi informasiya vasitələrində hüquqi dövlət və konstitusiya islahatları ilə bağlı çap olunan çoxsaylı elmi- publisistik məqalələrin müəllifidir. Respublika- mızda və beynəlxalq səviyyədə keçirilən müxtəlif beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki konfranslarda, simpoziumlarda və seminarlarda məruzələrlə çıxış etmiş, habelə xarici dövlətlərdə təşkil olunan yay məktəblərində mühazirəçi və beynəlxalq tələbə olimpiadalarında təşkilatçı qismində iştirak etmişdir.
Pedaqoji fəaliyyəti ilə yanaşı, E.H.Nəsirov “Konstitusiya hüququ, Bələdiyyə hüququ” ixtisası üzrə “Azərbaycan Respublikası seçki sisteminin hüquqi tənzimi problemləri” mövzusunda tədqiqat aparmışdır və fəlsəfə doktoru proqramı üzrə dissertasiya işinin müdafiəsinə hazırlaşır.
E.H.Nəsirov respublikanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, 13 iyun 2003-cü ildə Yeni Azərbaycan Partiyasının təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü seçilmişdir. O, 2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq etmiş, 2009- 2016-cı illərdə müsahibələrin keçirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə ekspert qrupunun rəhbəri qismində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixli ümumxalq səsverməsi – referendumların təşkil olunması və keçirilməsində təşviqat qruplarının (Yeni Azərbaycan Partiyası, Azərbaycan Hüquqşünaslar Konfederasiyası xətti ilə) üzvü kimi fəal iştirak etmişdir.
5 noyabr 2000-ci ildə II çağırış, 7 noyabr 2010-cu ildə IV çağırış və 1 noyabr 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin nəticələrinin təsdiq edilməsi, 15 oktyabr 2008-ci il, 13 oktyabr 2013-cü il və 11 aprel 2018-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında ekspert qismində iştirak etmiş və seçkilərin nəticələrinə dair rəy vermişdir. 2009-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin eksperti vəzifəsində çalışmışdır.
2019-cu ilin yanvar ayında DTX-nin Heydər Əliyev adına Akademiyasının tədris sahəsində təşkilati-idarəçilik, elmi-metodiki və tədris-tərbiyə prosesinin yüksəldilməsi məqsədilə təcrübəli mütəxəssislərə olan ehtiyacı nəzərə alınaraq DTX rəisinin müvafiq əmri ilə Akademiya rəisinin müavini, aparılmış ştat-struktur dəyişikliklərindən sonra isə Akademiya rəisinin 1-ci müavini vəzifəsinə təyin edilmişdir.
Elşad Nəsirov Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalları ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.