ŞURANIN TƏRKİBİ

ELMİ-MƏSLƏHƏT ŞURASININ SƏDRİ

Əliyev Kamran Bayram oğlu
Azərbaycan Respublikasının Baş prokuroru

Əliyev Kamran Bayram oğlu 1965-ci ilin noyabr ayının 18-də Balakən şəhərində anadan olmuşdur. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilmişdir. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir.
K.B.Əliyev 1990 – 1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi- Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, eyni zamanda, həmin müəssisədə elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. Daha sonra Kamran Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm- Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilmişdir.
K.B.Əliyev Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının və Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı”, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir. Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidentidir. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli koordinatorudur.
Kamran Əliyev Azərbaycan Respublikası Prezidentinin 01 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2021-ci il tarixli Sərəncamı ilə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Ailəlidir, iki övladı var.