Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda təcrübə mübadiləsi

 

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokurorluğu arasında imzalanan Anlaşma Memorandumunun müvafiq bəndlərinin icrası ilə əlaqədar təcrübə mübadiləsi aparılması üçün Azərbaycan prokurorluq orqanlarının nümayəndələri Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru cənab Bekir Şahin tərəfindən ünvanlanan müvafiq məktuba əsasən Ankara şəhərinə dəvət edilmişdir.
Həmin dəvət məktubuna əsasən 2021-ci ilin may ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Baş prokuror yanına Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Hərbi Prokurorluğun, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarından ibarət 11 nəfərlik heyət Türkiyənin paytaxtı Ankara şəhərinə 10 günlük səfər etmişdir.
Səfər zamanı Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin və Türkiyə Respublikasının Ali Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycan nümayəndə heyətini qəbul etmiş, iki ölkənin prokurorluqları arasında münasibətlərin daha da intensivləşməsi və faydalı olması üçün kifayət qədər əsaslar olduğunu bildirərək mövcud əməkdaşlığın hər iki dövlətin hüquq sisteminin inkişafına xidmət etdiyini vurğulamışlar.
Bundan başqa, nümayəndə heyəti Ankarada xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan park ziyarət edərək Ulu öndərin abidəsi önünə tər gül dəstələri qoymaqla dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.
Həmçinin səfər zamanı nümayəndə heyəti tərəfindən Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Mavzoleyini - Anıtqəbirini ziyarət edilmişdir.
Nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu tərəfindən əvvəlcədən hazırlanan proqrama əsasən 17-27 oktyabr 2021-ci il tarixləri əhatə edən səfər çərçivəsində Türkiyə Ali Məhkəməsi və Ali Məhkəmə Baş Prokurorluğunun yeni inzibati kompleksi ilə tanış olmuş, həmçinin Ankara Batı Ədliyyəsi, Ankara Ədliyyəsi, Ankara Bölgə Ədliyyə Məhkəməsi, Apellyasiya Məhkəməsi (İstinaf), Türkiyə Ədalət Akademiyasında təşkil olunmuş seminarlarda iştirak edərək Türkiyə hüquq sistemi ilə bağlı geniş məlumat əldə etmişlər.
Eyni zamanda, tərtib olunmuş proqrama əsasən Sincan Qapalı Cəza İcra Qurumunda olarkən Türkiyə hüquq sistemində cəzaların icrası zamanı prokurorluq əməkdaşlarının fəaliyyəti ilə bağlı nümayəndə heyətinə ətraflı məlumat verilmişdir.
Həmçinin səfər çərçivəsində iki ölkənin prokurorluq əməkdaşları arasında hüquqi sahədə fikir mübadilələri və müzakirələr aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.
Təcrübə mübadiləsi zamanı Türkiyə Respublikasının hüquq sistemində öyrənilən bir sıra məsələlərlə bağlı təkliflər Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə təqdim edilmişdir.