Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında Memorandum

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə  Belarus İstintaq Komitəsinin sədri Dmitri Qoranın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir. 16.11.2021-ci ildə nümayəndə heyəti paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində olmuşlar. Qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar.
Bundan sonra, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi arasında qurumlararası əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən əməkdaşlıq haqqında memorandum imzalanmış və bu istiqamətdə fəaliyyətin davam etdirilməsində əminlik ifadə edilmişdir.
Tərəflərin yüksək ixtisaslı prokuror və müstəntiqlərə olan ehtiyaclarını qarşılamağa yönəlmiş birgə təlim proqramlarının hazırlanması, hüquq elminin və təcrübəsinin aktual məsələləri üzrə qarşılıqlı məsləhətləşməsi, fəaliyyətinin aktual problemləri üzrə birgə elmi araşdırmaların təşkili və aparılması bu Memorandumun predmetini təşkil edir.
Memoranduma əsasən əməkdaşlığın formaları aşağıdakı yollarla həyata keçirilə bilər:

  • Tədris prosesinin təşkili və aparılması sahəsində təcrübə mübadiləsi. Müvafiq tədris kurslarına dair kurikulum və proqramların birgə hazırlanması;
  • Mühazirə, seminar və praktiki dərslər üçün mütəxəssislərin mübadiləsi;
  • İnnovativ pedaqoji texnologiyaların və tədris metodikasının tətbiqi sahəsində mübadilə;
  • Müvafiq tədris proqramlarına uyğun olaraq tədrisin təşkili, təlimlərin keçirilməsi;
  • Elmi, tədris-metodiki və tədris-praktiki ədəbiyyat mübadiləsi;
  • Hüquq elminin və təcrübəsinin aktual problemləri üzrə fundamental və tətbiqi xarakterli birgə elmi tədqiqatların planlaşdırılması, təşkili və aparılması;
  • Hüquq tətbiqi təcrübəsi və qanunvericilik tənzimlənməsi, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi məsələlərinə dair metodiki vəsaitlər və tövsiyələr hazırlamaq və nəşr etmək üçün birgə müəllif kollektivlərinin yaradılması;
  • Tərəflərin mütəxəssisləri tərəfindən hazırlanan tədris-metodiki və tədris-praktiki dərs vəsaitlərinə resenziya verilməsi;
  • Hüquq elmi və təcrübəsi sahəsindəki tədris-metodiki vəsaitlərin, elmi-praktiki nəşrlərin və məcmuələrin, digər elmi və tədris ədəbiyyatının üçüncü şəxslərə verilmədən hazırlanması və nəşri üzrə birgə nəşriyyat fəaliyyətinin həyata keçirilməsi;
  • Hüquq elmi və təcrübəsinin, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinin, cinayətkarlıqla mübarizənin problemləri mövzusunda birgə elmi-praktiki konfransların, simpoziumların, dəyirmi masaların və forumların keçirilməsi;
  • Hüquq elminin və təcrübəsinin aktual məsələlərinə dair qarşılıqlı məsləhətləşmə;
  • Hüquq elminin və təcrübəsinin, qanunvericiliyin tətbiq edilməsi, qanunçuluq və hüquq qaydasının təmin edilməsi, habelə cinayətkarlığın qarşısının alınması və onunla mübarizənin ən aktual problemlərinin həlli təcrübəsinin öyrənilməsi məqsədi ilə mütəxəssislərin mübadiləsi və sair.

Tərəflər, zərurət olduqda, bir-birlərinə hüquqi, analitik, elmi, statistik xarakterli məlumatların mübadiləsi və ya mübadiləsi Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə qadağan edilməyən və ya məhdudlaşdırılmayan digər məlumatların mübadiləsində qarşılıqlı kömək göstərirlər.