Baş Prokurorluğun əməkdaşları Gürcüstanın Tbilisi şəhərində təşkil edilmiş təlimdə iştirak etmişlər

Prokurorluq əməkdaşlarının peşə hazırlığının artırılması, bu sahədə müvafiq qabaqcıl təcrübəyə sahib beynəlxalq təsisatlarının imkanlarından istifadə edilməsi daim diqqət mərkəzində saxlanılır.
Avropa Şurası və Avropa İttifaqı ilə birgə həyata keçirilən Yaxşı İdarəçilik naminə tərəfdaşlıq (PGG 2) regional layihəsi çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları bir sıra mühüm tədbirlərdə iştirak edirlər.
Bu tədbirlər çərçivəsində cari ilin 30-31 yanvar tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Əmlakın bərpası və həbsə alınmıış əmlakın idarə olunması” mövzusuna həsr edilmiş təlim tədbiri keçirilib.
Gürcüstan, Moldova və digər dövlətlərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin böyük prokuroru İradə Xəlilova, həmin Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova, eləcə də Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Tərlan Kərimov təmsil edib.
Təlim zamanı Avropa Şurasının ekspertləri tərəfindən cinayət yolu ilə əldə edilmiş vəsaitlərin izlənməsi, habelə cinayət təqibi zamanı həbsə alınmış əmlakın idarə olunması sahəsində mütərəqqi üsullar, qabaqcıl təcrübələr və mövcud çağırışlar barədə təqdimatlar keçirilib.
Tədbirdə Azərbaycanda bu sahədə həyata keçirilən institusional və funksional islahatlar barədə iştirakçılara məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

İştirakçılar tərəfindən təlimdə əldə edilmiş bilik və bacarıqların ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan analoji təlimlərdə istifadəsi nəzərdə tutulub.