Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında Anlaşma Memorandumu

05.07.2021-ci ildə Türkiyə Respublikası Ədliyyə Akademiyası Başkanı Muhittin Özdəmirin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında “Hüquq sahəsində tədris və tədqiqat fəaliyyəti ilə prokuror və prokuror vəzifəsinə namizədlərin təliminə yönəlmiş əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanmışdır.
Bu Memorandumun məqsədi Tərəflər arasındakı əməkdaşlıq formalarını müəyyənləşdirmək, hüquq sahəsində tədris prosesini və elmi tədqiqatları inkişaf etdirmək, prokurorluq işçilərinin və prokurorluğa qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin (prokurorların və prokuror vəzifəsinə namizədlərin) ixtisas səviyyələrini artırmaq üçün təlim fəaliyyətinin planlaşdırılması, təşkili və həyata keçirilməsi ilə bağlı niyyətin bəyan edilməsidir.
Memoranduma əsasən əməkdaşlığın formaları aşağıdakı yollarla həyata keçirilə bilər:

  • Birgə simpoziumlar, kollokviumlar, konfranslar, işçi qrupları, təlimlər, tədqiqat və seminarlar;
  • Qəbul edən Tərəfin ölkəsindəki məhkəmə sistemi haqqında məlumat əldə etmək üçün müvafiq məhkəmə hakimiyyəti orqanlarına təcrübə səfərləri daxil olmaqla stajkeçmələr;
  • Hüquq sahəsində tədris proqramları üzrə tədqiqat və tədris materiallarının hazırlanması və mübadiləsi;
  • Digər Tərəfin prokurorluq işçiləri və prokurorluğa qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədləri üçün beynəlxalq simpoziumlarda, kollokviumlarda, konfranslarda, işçi qruplarında, təlimlərdə, tədqiqatlarda və seminarlarda iştirak etmək imkanının təmin edilməsi;
  • Tərəflərin prokurorluq orqanlarında qulluğa qəbul olunmuş və stajorluq keçən işçilərinin müddətli qarşılıqlı mübadiləsi;
  • Ədalət mühakiməsi sahəsində tədris üzrə ekspert və təlimçi mütəxəssislərin qarşılıqlı mübadiləsi;
  • Tədris prosesinin təşkili və həyata keçirilməsində təcrübə mübadiləsi;
  • Müvafiq fənlər və təlim kursları üçün tədris planlarının və proqramlarının birgə hazırlanması;
  • Tədris və metodiki ədəbiyyatın qarşılıqlı mübadiləsi;
  • Təlimatların, metodiki və praktiki qaydaların ekspertizası;
  • Aktual hüquqi məsələlərə dair birgə elmi ədəbiyyatın hazırlanması və nəşri;
  • İnnovativ pedaqoji texnologiyaların tətbiqi sahəsində qarşılıqlı mübadilə.

Anlaşma memorandumunun imzalanmasından sonra nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olmuşlar. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyatmışdır.
Daha sonra qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş inzibati binasında yaradılmış şəraitlə tanış olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından maraqlanmış, həmçinin yeni inzibati binada yaradılmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət etmişlər.