Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur

Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında imzalanmış “2021 – 2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə 30 noyabr – 2 dekabr 2022-ci il tarixlərdə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizə işgüzar səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binalar kompleksində olmuşlar. Qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar. Eyni zamanda Elm-Tədris Mərkəzinin funksional təyinatı, imkanları və texniki təchizatı  barəsində ətraflı məlumatı Mərkəzin rəisi Mübariz Əhmədov, rəis müavini Talıb Cəfərov və şöbə rəisi Nigar Qələndərli nümayəndə heyətinə çatdırmışlar.
Bundan sonra, Elm-Tədris Mərkəzinin məşğələ auditoriyasında prokurorluq işçiləri üçün Rusiya Federasiyası Baş Prokurorluğunun əməkdaşları tərəfindən “Müasir dövrdə Rusiya Federasiyası Baş Prokurorluğunun beynəlxalq əməkdaşlığının aktual istiqamətləri”, “Qanunsuz aktivlərin, o cümlədən virtual valyutaların xaricə çıxarılmasının qarşısı alınması. Qabaqcıl təcrübə və standartlar” və “Kriptovalyutaların hüquqi rejimi və prokuror tərəfindən onların istifadəsi haqqında məlumatların təhlil edilməsi” mövzusunda mühazirələr oxunulmuşdur.
Mühazirələr zamanı dinləyici qismində Elm-Tədris Mərkəzində şöbənin böyük prokuroru Nigar Əskərova və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə qonaqlara suallar verməklə müzakirələrdə fəal iştirak etmişlər.
Tədbirin sonunda qonaqlar Azərbaycan qonaqpərvərliyindən böyük məmnunluğunu bildirməklə Elm-Tədris Mərkəzi tərəfindən yaradılmış Baş Prokurorluğun “Elektron Kitabxanası”na müəllifləri olduqları aktual hüquqi nəşrləri hədiyyə etmişlər.