Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Cari ilin iyulun 29-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq orqanları nümayəndələrinin iştirakı ilə “Yealink” onlayn platforması vasitəsi ilə videokonfrans keçirilmişdir. Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən təşkil edilmiş, prokurorların peşə hazırlığı və ixtisaslarının artırılması üzrə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş videokonfransa Rusiya Federasiyası prokurorluğunun fəxri işçisi Rusiya Federasiyası Prokurorluğu Universitetinin prorektoru Tofiq Aşurbəyov sədrik etmişdir. Tədbirin əsas məqsədi prokurorların peşə hazırlığının həyata keçirilməsi ilə bağlı tədris müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində müsbət təcrübəsinin müzakirəsi olmuşdur. Sözügedən tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova və Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin prokuroru Rauf Abdullayev təmsil etmişlər. Videokonfrans zamanı Nigar Əskərova məruzə ilə çıxış edərək Azərbaycan Respublikasında insan alveri ilə mübarizə sahəsində mövcud olan qanunvericilik və bu sahədə prokurorluqda keçirilən təlim tədbirləri barəsində dinləyicilərə ətraflı məlumat vermişdir. Tədbirdə həmçinin Türkiyə, Çin, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan və Monqolustan nümayəndələri də iştirak etmişlər.